Azərbaycan Milli Elimlər AkademiyasıYüksək Texnologiyalar Parkı

Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. AMEA Yüksək Texnologiyalar Parkının (AMEA YTP) yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya,  yüksək texnologiya sahələrinin genişləndirilməsidir.
AMEA YTP innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Bu ərazidə xarici və daxili infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlərin görülməsi texnoparkın əsas fəaliyyət istiqamətidir.               
AMEA Yüksək Texnologiyalar Parkı yarandığı gündən elm, texnologiya və innovasiya vasitəsilə ilə milli iqtisadi inkişafa töhfə verməyi qarşısına məqsəd qoyub. Milli innovasiya sistemini genişləndirmək və bu sahəyə investisiya axınını gücləndirməyi hədəf alaraq uğurlu layihələrin həyata keçirilməsini dəstəkləyir. Respublikada elmin inkişafı, elmi-tədqiqat işləri, innovasiya layihələri istiqamətində müvafiq ictimai, özəl və ya beynəlxalq institutlarla əməkdaşlıq edir, texnologiyaların transferi, elmin biznesə çevrilməsi istiqamətində müvafiq işlər görür.
İxracyönümlü, idxaləvəzedici və rəqabətədavamlı məhsulların istehsalında maraqlı olan sahibkarlar, investorlar AMEA YTP vasitəsilə ilə hər hansı bir elmi ixtiranın nəticəsini tətbiq etmək və onu istehsala ötürməyə nail olacaqlar. Çünki elm və biznesin qovuşduğu məkan adlandırığımız AMEA Yüksək Texnologiyalar Parkı  elmtutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərəcək rezidentlərə müvafiq imtiyazlar təqdim edir.  AMEA Yüksək Texnologiyalar Parkı daha əvvəl AMEA Təcrübə-Sənaye Zavodunun (TSZ) ərazisi hesab olunan 25.6 hektar əraziyə malikdir. Texnoparkın ərazisində rezident kimi fəaliyyət göstərən sahibkarlara geniş imkanlar yaradılır. Azərbaycan Respublikasının qanunvericiliyində edilmiş dəyişikliklərə müvafiq olaraq sənaye və texnologiyalar parklarının rezidentlərinə 7 il müddətinə vergi və gömrük güzəştləri (əmlak vergisi, torpaq vergisi, mənfəət vergisi) tətbiq edilir. Rezidentlər idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar. YTP-də sahibkarlıq subyekti üçün şərait yaradılır, infrastruktur təklif edilır və biznes planın iş qrafikinə uyğun işlər icra edilir. Rezidentlərə hüquq, mühasibat, marketinq, ketrinq, mühafizə və digər xidmətlər təklif olunur.
AMEA YTP-nin təşəbbüskar düşüncəyə malik gənclər  üçün yaratdığı imkanlar onların  startaplara marağını artırır. Gənclərin məşğulluğunun artırılması, sahibkarlıq ideyalarının təşkili və gənclərin sahibkarlıqla məşğul olmağa cəlb olunması məqsədilə AMEA YTP-də Biznes İnkubasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzə innovativ düşüncəyə malik, müxtəlif layihələri olan gənclərdən ibarət komandalar cəlb olunurlar. Burada gələcək sahibkarlara öz ideyalarını daha effektiv reallaşdırmaları üçün lazimi şərait yaradılır. Gənclər bizneslərini qurmaq üçün inkubasiya və akselerasiya proqramlarından faydalanırlar. Uğurlu layihələr YTP-nin tərkibində fəaliyyət göstərən Texnologiya Transferi Ofisi dəstəyi ilə real bazara yönləndirilir. Bununla da, respublika üzrə innovativ düşüncənin biznesə çevrilməsi prosesi həyata keçirilir. AMEA YTP yarandığı dövrdən innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması və ən əsası elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verir. Yüksək Texnologiyalar Parkı yalnız ölkə daxilində deyil, hüdudlarımızdan kənarda ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən alimlərimizlə də əməkdaşlıq edir.
Yüksək Texnologiyalar Parkı gənclər arasında təşəbbüskarlığı təşviq edir. Ölkədə gənc sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli platformanın yaradılmasını və şəxsi bizneslərini qurmaq istəyən gənc liderlərin təşəbbüslərini dəstəkləyir. Bir çox ölkələrdə texnologiya, innovasiya sahəsində baş verən yeniliklərlə yaxından tanış olur, müxtəlif ölkələrin texnoparkları ilə əməkdaşlıq edir.
AMEA YTP müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədi ilə fəaliyyətini davam etdirir. Gələcəkdə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqinə dair  layihələrin həyata keçirilməsini qarşısına məqsəd qoyub.