Çip sənayesində ən böyük sövdələşmə üzrə danışıqlar aparılır
ABŞ-ın çip istehsalçısı "Advanced Micro Devices" (AMD) yerli rəqibi “Xillinx” şirkətini almaq üçün danışıqlar aparır.
Wsj.com xəbər verir ki, tərəflər razılığa gələrsə, çip sənayesində dəyəri təxminən 30 milyard ABŞ dolları olan ən böyük sövdələşmə baş tuta bilər. Bildirilir ki, bu, AMD-nin data mərkəzlər ilə bağlı biznesini gücləndirməyə yönəldilmiş addımdır.
Xatırladaq ki, koronavirus (COVID-19) pandemiyası dövründə kompüter və digər elektron cihazlara tələbatın artması AMD-nin bazar dəyərinin 89% artaraq 100 milyard ABŞ dollarını keçməsi ilə nəticələnib. Bu ilin II rübündə şirkətin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə, 26% artaraq 1,9 milyard dollar ABŞ dolları, xalis mənfəəti isə 4 dəfədən çox artaraq 157 milyon ABŞ dolları təşkil edib.
“Xillinx”in bazar dəyəri isə bu il 9% artıb və hazırda 26 milyard ABŞ dolları ətrafındadır.