AMEA nümayəndə heyəti Belarusiya Respublikasına işgüzar səfər edib
Azərbaycan Milli Elmlər Akademiyası Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri Fətəli Abdullayev və AMEA Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov Belarusiya Respublikası Dövlət Elm və Texnologiya Komitəsi tərəfindən təşkil olunan Belarusiya – Azərbaycan birgə elmi-texnoloji işçi qrupunun ikinci iclasında iştirak məqsədi ilə Minsk şəhərinə işgüzar səfər ediblər. Səfər çərçivəsində Belarusiya Respublikası Dövlət Elm və Texnologiya Komitəsi AMEA nümayəndə heyəti ilə Belarusiya Respublikası Prezidentinin yanında "Yüksək Texnologiyalar Parkı İdarəsi" dövlət qurumunda görüş təşkil edilmişdir. "Yüksək Texnologiyalar Parkı İdarəsi" dövlət qurumu tərəfindən görüşdə direktor müavini Aleksandr Martinkeviç və "Yüksək Texnologiyalar Parkı İdarəsi" dövlət qurumunun Beynəlxakq əlaqələr və İnformasiya şöbəsinin müdiri Vladimir Lebedev iştirak edib.
Görüşdə çıxış edən Belarusiya Respublikası Prezidenti yanında Texnologiyalar Parkının direktor müavini Aleksandr Martinkeviç rəhbərlik etdiyi texnoparkın fəaliyyəti haqqında ətraflı məlumat verib. O, həmçinin "Yüksək Texnologiyalar Parkı İdarəsi" - nin rezidentlərə olan güzəştlərindən də söz açıb.
Daha sonra çıxış edən AMEA Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov rəhbərlik etdiyi qurum və ərazidə fəaliyyət göstərən rezidentlərin istehsal sahələri haqqında məlumat verib.
Sonra gələcəkdə tərəflər arasında əməkdaşlığın mümkün perspektivləri müzakirə olunmuş və hər iki tərəf üçün maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.