Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları AMEA Yüksək Texnologiyalar Parkında (YT Parkı) olublar.

Görüşdə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rəşad Əbilov, Xüsusi nəzarət şöbəsinin rəisi daxili xidmət polkovniki Nazim Hacıyev, Dövlət yanğın nəzarəti işinin təşkili şöbəsinin rəisi, daxili xidmət polkovniki Ehtiram Əliyev, YT Park tərəfdən isə bu müəssisənin direktoru, i.ü.f.d. Nazim Şükürov, infrastruktur üzrə direktor müavini, a.e.ü.f.d. Elxan Bayramov, strateji inkişaf üzrə müdir müavini Məmməd Bağırzadə, Xüsusi şöbənin müdiri Adil Məmmədov və digər əməkdaşlar iştirak ediblər.

    Qonaqlar öncə YT Parkın AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi (AMEA SEASM) ilə tanış olublar. Mərkəzin müdiri, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə qonaqlara laboratoriya avadanlıqları, mərkəzin imkanları və göstərilən xidmətlər barədə ətraflı məlumat verib.

     Nazirlik nümayəndələri, həmçinin buradakı istehlak mallarında toksik elementlərin təyin edilməsi üçün laboratoriya avadanlıqları və sınaq nəticələri ilə tanış olublar.

     Mərkəzdə həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti ekspertlərin böyük marağına səbəb olub.

    Daha sonra qonaqlar AMEA Təcrübə Sənaye Zavodunun istehsal sahəsi ilə də tanış olublar. AMEA TSZ-nin direktoru Vasif Abbasov onlara hazır məhsul anbarında toplanılmış mallar barədə məlumat verib. O, istehsal olunan sürtkü yağlarının üstün keyfiyyətindən söz açaraq, aprel döyüşləri zamanı milli orduda zavodun silah yağlarından istifadə olunduğunu qeyd edib.

    AMEA TSZ-nin baş mühəndisi Adil Ağayev sınaq yolu ilə məhsulların yüksək temperatur altında ərimədiyini də qonaqlara nümayiş etdirib.

    Sonra FHN əməkdaşları 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA arasında yaradılmış “Millers Oils Azərbaycan” birgə müəssisəsinin yağ istehsalı sahəsi ilə tanış olublar. Ekspertlərə istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib.

     Görüşün sonunda, FHN əməkdaşları mərkəzdəki yanğından mühafizə təhlükəsizlik tələbləri haqqında fikirlərini bölüşüblər, təhlükəsizliyin təmin olunması üçün təklif və tövsiyələrini veriblər.