08 fevral 2019-cu il tarixdə AMEA Yüksək Texnologiyalar Parkı ilə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu arasında görüş keçirilib. Bu məqsədlə Neft-Kimya Prosesləri İnstitutunun rəhbərliyi və əməkdaşları tərəfindən AMEA YT Parkın nümayəndə heyətinin yüksək səviyyədə qəbulu və qarşılanması həyata keçirilmişdir.
   Görüşün əsas məqsədi İnstitutda fəaliyyət göstərən əməkdaşların müəllifi olduqları innovativ layihələrin və bu layihələrin gələcəkdə kommersiyalaşdırlması üzrə təkliflərin müzakirəsindən ibarət oldu.

     AMEA YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov rəhbərlik etdiyi nümayəndə heyətini təqdim etdi. AMEA YT Parkın ölkə Prezidentinin  08 noyabr 2016-cı il tarixli Sərəncamına müvafiq olaraq iqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya, yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədi ilə yaradıldığını bildirdi. Daha sonra YT Parkın  rezidentlərinə qanunvericiliyə müvafiq olaraq vergi və gömrük güzəştləri tətbiq edildiyini, əlverişli infrastruktur şəraiti yaradıldığını, torpaq, istehsal sahələri, anbar və s. təqdim edildiyini, hüquq, mühasibat, marketinq, ketrinq, mühafizə,  internet, konsaltinq və digər xidmətlərin göstərildiyini görüş iştirakçılarının nəzərinə çatdırdı.

     Görüşdə Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış edərək İnstitutda patentləşmiş elmi-tədqiqat işlərinin 90%-nin təcrübədə və istehsalatda tətbiq edildiyini və kommersiyalaşdığını bildirdi.

    İnstitutun alimləri tərəfindən hazırlanmış bir neçə innovativ layihənin təqdimatı oldu. AMEA Yüksək Texnologiyalar Parkı ilə Neft-Kimya Prosesləri İnstitutu arasında aktiv iqtisadi, elmi-texniki əməkdaşlıq məsələləri müzakirə olundu.

     Neft-Kimya Prosesləri İnstitutunda aparılmış elmi-tədqiqat işlərindən əldə olunmuş innovativ nəticələr "İnkor" MMC-də sınaqdan keçirilir və müvafiq sahələrdə tətbiq edilir. Müzakirələr zamanı "İnkor" MMC-nin AMEA YT Parkda rezidentlik statusu almasının məqsədəmüvafiqliyi, vergi və digər güzəştlərdən faydalanması, gələcəkdə YT parkda elmtutumlu məhsulların istehsalını stimullaşdıracağı vurğulandı.