AMEA Rəyasət Heyətinin 17/1 nömrəli, 14 dekabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun alimi, professor Pənah Muradovun "Göbələk mənşəli bioloji aktiv maddə" adlı elmi tədqiqat işinin kommersiyalaşdırılması işləri başa çatmaq mərhələsindədir.
         Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin Kənd Təsərrüfatı naziri İnam Kərimova ünvanladığı məktubla elmi nailiyyətin Azərbaycan Respublikası kənd təsərrüfatında tətbiqi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Baytarlıq Elmi-Tədqiqat İnstitutuna 50 baş iri buynuzlu ətlik-südlük olan heyvanlarda və 100 baş quşda sınağını tətbiq edib rəy vermək üçün və gələcəkdə sənayeləşdirilməsi baxımından işlərin davam etdirilməsi qərarlaşdırılmışdır. 
Bu məqsədlə "Göbələk mənşəli bioloji aktiv maddə" müvafiq əmtəə görünüşlü xüsusi kisələrdə qablaşdırılmışdır.
       "Göbələk mənşəli bioloji aktiv maddə"nin heyvanların yem bazasına əlavə etməklə istifadə qaydaları Baytarlıq Elmi-Tədqiqat İnstitutuna təqdim edilməsi təmin edilir.
       Alimlər tərəfindən bir neçə dəfə sınaqdan keçirilmiş bu ixtira artıq Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda praktiki təsərrüfatda sınaqdan keçirilmə mərhələsindədir.
       Azərbaycan alimlərinin ixtiralarının kommersiyalaşdırılması, innovasiya layihələri Azərbaycan iqtisadiyyatının innovativ inkişafına tutarlı töhvələrindəndir.
        Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda "Elm Günü" kimi təsis edilmişdir. Yuxarıda qeyd olunan layihə AMEA Yüksək Texnologiyalar Parkında "Elm Günü"nə həsr edilmiş "Elm Həftəsi"ndə keçiriləcək müsabiqədə mükafata layiq iddialı layihələrdəndir.