Xətai rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
Xətai rayonunda Xətai Rayon İcra Hakimiyyətinin 2018-ci il üzrə sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Tədbirdə ötən ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Xətai rayonunun sosial-iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib, bir çox problemlər öz həllini tapıb.
Yığıncaqda AMEA Yüksək Texnologiyalar Parkının direktoru, i.ü.f.d. Nazim Şükürov da məruzə ilə çıxış edib. Bildirib ki, Xətai rayonunun ərazisində fəaliyyət göstərən YT Park innovativ layihələrin həyata keçirilməsi və investisiyaların yatırılması üçün yaradılmış platformadır. Yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, yeni texnologiyaların yaradılması və elmin kommersiyalaşdırılması bu qurumun əsas məqsədlərindəndir.
N.Şükürov YT Parkın ərazisində rezident kimi fəaliyyət göstərən sahibkarlar üçün geniş imkanların yaradıldığını qeyd edərək burada müxtəlif sahələr üzrə innovativ düşüncənin biznesə çevrilməsi prosesinin həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə YT Parkın əsas fəaliyyət istiqamətlərindən biri də elektronika, avtomatika, proqram təminatı, hərbi və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsalıdır.
O, həmçinin YT Parkda istehsal olunan yağ və sürtkü məhsullarının dövlət satınalınması məsələləri barədə məlumat verib.
Tədbir iştirakçıları YT Parkın innovativ fəaliyyətini, burada istehsal olunan ixracyönümlü məhsulları və həyata keçirilən layihələri yüksək qiymətləndiriblər.
Tədbirdə, həmçinin 2018-ci ildə görülən işlər təhlil edilib, əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də səsləndirilib, onların həlli ilə bağlı təkliflər irəli sürülüb.