AMEA Yüksək Texnologiyalar Parkında Strateji Elmi Tədqiqatlar Mərkəzi rəhbərinin yeni müavininin kollektivə təqdimatı, eyni zamanda cari məsələlər ilə əlaqədar geniş tərkibli iclas keçirilib
AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin təqdimatına əsasən AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına uyğun olaraq, Mərkəzdə işlərin daha səmərəli və mütəşəkkil qaydada təşkili, eyni zamanda koordinasiyasının təmin edilməsi məqsədilə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Bəxtiyar oğlu Paşayev SETM rəhbərinin müavini vəzifəsinə təyin olunub.
Ə.Paşayevin kollektivə təqdimatı, eyni zamanda cari məsələlər ilə əlaqədar 27 sentyabr 2019-cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkının (“YT Park”ın) inzibati binasında geniş tərkibli iclas keçirilib.
İclasda SETM rəhbəri Fətəli Abdullayev, “YT Park”ın direktoru yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov, “YT Park”ın rezidentlərinin səlahiyyətli nümayəndələri, eyni zamanda Parkın əməkdaşları eştirak ediblər.
İclası giriş nitqi ilə açan Fətəli Abdullayev ilk növbədə Mərkəzə müavin təyin olunmuş Ədalət Paşayevi yığıncaq iştirakçılarına təqdim edib. Təqdimatdan sonra o, görülən işlərdən, qazanılmış uğur və nailiyyətlərdən, eləcə də qarşıda duran vəzifələrdən söz açıb.
Mövcud və perspektiv elmi tədqiqat işləri barədə çıxış edən F.Abdullayev bildirib ki, hazırda SETM və AMEA Yüksək Texnologiyalar Parkı tərəfindən müvafiq dövlət qurumları ilə birgə layihələr həyata keçirilir. Sonda “YT Park”ın rezident müəssisələrinin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.