BMU ilə AMEA-nın iki strukturu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Strateji Elmi Tədqiqatlar Mərkəzi və AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu məqsədlə BMU-da keçirilən tədbirdə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, müasir dünyada hər bir ölkənin dayanıqlı və davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik sürətdə yiyələnməsi tələb olunmaqdadır: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizdə intellektual kapitalın inkişafı, eləcə də informasiya cəmiyyətinin formalaşması istiqamətində həyata keçirdiyi sosial-iqtisadi siyasətə uyğun olaraq universitetimizdə müvafiq işlər həyata keçirilməkdədir. Universitetdə Texnopark və İnnovasiya Mərkəzi fəaliyyət göstərir ki, burada innovasiyaların, eləcə də innovativ sahibkarlığın, startapların inkişafına dəstək veririk”.
BMU-nun AMEA-nın adıçəkilən müvafiq qurumları ilə əsası qoyulan əməkdaşlığına toxunan H.Məmmədov ümidvar olduğunu bildirib ki, əməkdaşlıq tədris prosesinə elmin inteqrasiyasına, tələbələrin elmin incəliklərinə yiyələnməsinə, yeni elmi nəticələrin alınmasına və onların kommersiyalaşdırılmasına xidmət edəcək. Eyni zamanda, birgə fəaliyyət aparılan islahatların ən aktual istiqmətlərindən biri hesab olunan innovasiya ekosisteminin güclənməsinə, innovativ sahibkarlığın inkişafına ciddi töhfələr verəcək.
AMEA Strateji Elmi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev qeyd edib ki, BMU-da innovasiyalar, eləcə də innovativ sahibkarlıq və startaplar yüksək səviyyədə inkişaf edib: “BMU ilə bağladığımız əməkdaşlıq bizim işimizin ümumi inkişafına xüsusi töhfə olacaq. Əsas məqsədimiz Universitetdə fəaliyyət göstərən ixtisaslar üzrə mütəxəssis hazırlığında və biliklərin yayılmasında maddi-texniki, elmi metodiki və təşkilatı tədbirlərin, müxtəlif sahə və istiqamətlər üzrə fundamental və tətbiq yönümlü elmi-tədqiqat işlərinin aparilması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində və müxtəlif istehsalat sahələrində tətbiq olunmasıdır. Biz çalışacağıq ki, layihələrdə iştirak edən tələbələrə lazımi şərait yaradılsın. Eyni zamanda, biz də sizin müasir laboratoriyalarınızdan istifadə edəcəyik. İnanıram ki, əməkdaşlığımız tərəflərlə yanaşı ölkəmizdə bu sahənin inkişafına bir töhvə olacaq”.
AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxışında əməkdaşlığın uğurlu olacağını vurğulayıb. O bildirib ki, hər üç tərəfin kifayət qədər elmi və təcrübi potensialı var. Bu əməkdaşlıq sayəsində yeni innovativ elmi-tədqiqat işlərinin aparılması və yeni texnologiyaların işlənilməsi həyata keçiriləcək.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasinin sədri, dosent Famin Salmanov son illər, dövlət səviyyəsində elm, təhsil və gənclərin inkişafı ilə bağlı bir sıra silsilə mühüm qərarlar qəbul olunduğunu, həmin təşəbbüslərin nəticəsi kimi elmdə və təhsildə tərəqqilə bağlı yeni tendensiyalara şahidlik etdiyini vurğuladı. Gənclərin potensiallarından düzgün istifadə, onların yaradıcılıq imkanları üçün lazım olan şəraitin yaradılması baxımından BMU ilə AMEA-nın iki strukturu arasında əməkdaşlığı təqdirəlayiq hal kimi qimətləndirdi.
Digər çıxışlardan sonra BMU-nun rektoru, professor Havar Məmmədov, AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi direktoru, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev əməkdaşlıq müqaviləsini imzalayıblar.
Sonda qonaqlar BMU-nun maddi-texniki bazası ilə tanış olublar.