Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalamasından üç il keçir. 
        Yüksək Texnologiyalar Parkının yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya, yüksək texnologiya sahələrinin genişləndirilməsidir. 
        YT Park yarandığı dövrdən innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması və ən əsası elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verir. Texnoparkda elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, intellektual biznesin formalaşdırılması, həmçinin kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və milli iqtisadiyyatda elmin payının artırılması istiqamətində mühüm işlər görülür. İnnovasiya fəaliyyətinin səmərəli mexanizmlər əsasında aparılması üçün beynəlxalq təcrübələrdən istifadə edilir. Beynəlxalq təcrübənin daha yaxından öyrənilməsi, müvafiq ölkə daxili və xarici təşkilatlarla, investorlarla əməkdaşlığın qurulması, genişləndirilməsi Yüksək Texnologiyalar Parkının əsas prioritetlərindən biridir. 
        Ötən müddət ərzində ölkədə böyük nüfuz qazanan və bir çox nailiyyətlərə imza atan Yüksək Texnologiyalar Parkı biznes təfəkkürü və innovativ düşüncənin inkişafına müsbət təsirlərini göstərib. Burada respublika üzrə innovativ düşüncənin biznesə çevrilməsi prosesi həyata keçirilir. Bu gün YT Parkın rezidentləri tərəfindən elmtutumlu, yüksək texnoloji, rəqabətqabiliyyətli milli məhsullar hazırlanır və bazara çıxarılır. 
        Hal-hazırda Texnoparkda 10 rezident fəaliyyət göstərir və YT Parkın investisiya cəlbediciliyinin yüksəlməsi rezidentlərin sayının artmasına təkan verir. 
        AMEA Yüksək Texnologiyalar Parkı elmtutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərəcək rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. 
        AMEA Yüksək Texnologiyalar Parkının rezidentləri üçün bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, rezidentlər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 7 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir vergisindən, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar. 
        Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası” YT Parkda istehsal fəaliyyətinin stimullaşdırılması və rezidentlərlə dövlət qurumları arasında əlaqələrin genişləndirilməsinə əlverişli şərait yaradır. 
        Həmçinin, Yüksək Texnologiyalar Parkına Dövlət Gömrük Komitəsinin “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilmişdir.