AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin müdiri təyin olunmuş texnika elmləri doktoru, professor Elton Məmmədov yanvarın 17-də Rəyasət Heyəti aparatının kollektivinə təqdim edilib.

Tədbirdə AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov texnika elmləri doktoru, professor Elton Məmmədovun ictimai-siyasi, sosial, elmi və pedaqoji fəaliyyətindən, iş təcrübəsindən danışıb. O, İşlər idarəsinin fəaliyyətinin əsas istiqamətlərinin AMEA-nın istifadəsinə verilmiş dövlət əmlakının və ayrılan cari vəsaitin idarə olunmasını təşkil etməkdən, Rəyasət Heyətinin aparatı, elmi müəssisə və təşkilatlarında elmi-tədqiqat prosesinin maddi-texniki, o cümlədən elmi cihaz və avadanlıqla təminatının, təmir-tikinti, infrastrukur və sosial sahəyə aid olan işlərin görülməsi və s. tədbirlərin həyata keçirilməsindən ibarət olduğunu bildirib. Əminağa Sadıqov E.Məmmədovun ona həvalə edilən vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

Daha sonra Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, İşlər idarəsi müdirinin müavini Məhəmməd Əliyarov, Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev çıxış edərək Elton Məmmədovu təbrik edib, işlərində uğurlar arzulayıblar.

Sonda İşlər idarəsinin müdiri Elton Məmmədov çıxış edərək ona göstərilən yüksək etimada görə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə dərin minnətdarlığını bildirib, bu inamı doğrultmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.