Tədqiqat nəticəsində müəyyən olunub ki, ölkədə tətbiq olunan karantin rejimi öz müsbət təsirini  göstərir.

Azərbaycan  Respublikası ərazisində  koronavirusla mübarizə çərçivəsində dövlət tərəfindən görülən tədbirlər davam etdirilir. Bu müddət ərzində bir qrup Azərbaycan alimi AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev,  BDU-nun professoru Rövşən Əliyev, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Hilalə Cəfərova Azərbaycan  ərazisində COVID-19 virusuna yoluxma dinamikasının zamandan asılılığının müəyyən edilməsi ilə bağlı tədqiqat aparıblar.

Tədqiqat zamanı ehtimal nəzəriyyəsi və riyazi statistika, həmçinin riyazi modelləşdirmənin müasir metodlarından istifadə olunub.

Alınmış nəticələr ölkədə tətbiq olunan karantin rejiminin öz müsbət təsirini  göstərdiyini sübut edib. Tədqiqat nəticəsində müəyyən edilib ki,  karantin rejimi tətbiq olunmadığı halda, koronavirusa yoluxanların sayı kəskin şəkildə artmaqda davam edə bilərdi (Qrafik 1).

Qurulmuş riyazi modelə əsasən, real statistikanın da təsdiq etdiyi kimi karantin rejimi çərçivəsində koronavirusa yoluxanların sayının azalma tendensiyasına keçdiyi təsdiq edilib (Qrafik 2).

Həmçinin tədqiqatların nəticəsi olaraq proqram təminatı hazırlanıb ki, bu da gələcəkdə karantin rejiminin müxtəlif variantlarının nəticələrinin proqnozlaşdırılmasında istifadə oluna bilər.

Qeyd edək ki, tədqiqat işində Azərbaycanla sərhəd ölkələrin də virusa yoluxma dinamikasının müqayisəsi tədqiq olunub.

Beləliklə, qurulmuş riyazi model əksər ölkələr üçün də karantin rejiminin məhdudiyyət dərəcəsindən asılı olaraq koronavirusa yoluxma dinamikasının proqnozlaşdırılmasını mümkün edir.

Alimlərin fikrincə, qurulmuş riyazi modelə əsaslanaraq koronavirusa yoluxma dinamikasının karantin rejimindən asılılığı ilə yanaşı, digər faktorlardan – məsələn, xroniki xəstəliklərdən, yaş həddindən və s. asılılığı da tədqiq oluna bilər.