Previous Next

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) üçün strateji planın hazırlanmasına dair Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) ilə birgə telekonfrans keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) üçün strateji planın hazırlanmasına dair Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) ilə birgə telekonfrans keçirilib.
AMEA YT Parkın strateji inkişafı və Azərbaycanda İnnovasiya Ekosisteminin gücləndirilməsi məqsədilə keçirilən konfransda qurumun direktoru, akademik Əli Abbasov, ümumi və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə, akademiyanın Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin Xarici əməkdaşlıq şöbəsinin müdiri Bünyamin Seyidov, innovasiyalar üzrə ekspert Vüsal Süleymanlı, Seul Universitetinin professoru Myungdo Oh, STEPI-nin Qlobal İnnovasiya Strategiyası şöbəsinin baş direktoru Wangdong Kim, Daejeon texnoparkının Siyasət Planlaşdırma İdarəsinin rəhbəri Sangho Choi və Hanbat Milli Universitetinin professoru Jongin Choi iştirak ediblər.

Konfrans zamanı diqqətə çatdırılıb ki, innovasiya və iqtisadiyyatda yüksək texnologiyaların tətbiqi olduqca vacibdir. Bildirilib ki, prosesin yüksək dinamikasının təmin edilməsinin əsas yolu isə elmi tədqiqat və təcrübə konstruktor işlərinin multidissiplinar yanaşma əsasında və məqsədyönlü innovasiya proqramları daxilində tətbiq olunmasıdır.

Həmçinin iclasda strateji hədəflərə nail olmaq üçün kifayət qədər geniş perspektivlərə malik olan YT Parkda sözügedən planın tətbiqi ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib. Bundan əlavə, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb.

Koreya Respublikasının uğurlu innovasiya siyasətinin formalaşdırılmasında aparıcı rola malik olan STEPI 2017-ci ildən bəri Azərbaycanda elmin kommersiyalaşdırılması,  texnologiyaların transferi, innovasiya siyasətinin formalaşdırılması istiqamətlərində bir çox seminarlar həyata keçirmiş, xüsusi ilə sözügedən sahələrdə insan resursunun inkişafı üçün layihələr icra etmişdir. Belə ki, birgə tərəfdaşlıq çərçivəsində baş tutmuş sonuncu seminar 2019-cu ildə olmuş və Azərbaycanda texnologiyaların transferinin təşviqi mövzusuna əsaslanmışdır.

Koreya təcrübəsindən bəhrələnmək Azərbaycan İnnovasiya Ekosisteminin inkişafı üçün münbit şərait yaradacaqdır.