Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun baş mühəndisi Rasim İbrahimov, baş texnoloqu Ramazan Qəribov və keyfiyyətə nəzarət üzrə 8 nömrəli sahənin əməkdaşları “AMEA Yüksək Texnologiyalar Parkı" MMC-nin Elmi Analitik Sınaq Laboratoritasında olublar.

Elmi Analitik Sınaq Laboratoritasının (EASL) müdiri kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə qonaqları laboratoriyanın fəaliyyəti ilə tanış edib. Bildirilib ki, laboratoriya qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunmuş və 21 yanvar 2019-cu il tarixində AZ 01.0382.01.19 nömrəli Akkreditasiya Attestatı almışdır.

Görüş zamanı SOCAR-ın ölkəmizin emal sənayesi sahəsində istehsal və ixrac potensialını artırmaq, emal kompleksində alınan məhsulları yüksək standartlara çatdırmaq məqsədilə həyata keçirilən nəhəng və perspektivli layihələrdən söz açıldı. Belə layihələrin biri olan H.Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiyası və yenidən qurulması layihəsi çərçivəsində Azərbaycanda istehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin “Avro-5” standartlarına çatdırılması, ölkənin yanacaq-enerji təhlükəsizliyinin təmin olunması, benzin və dizel yanacağına artan tələbatın ödənilməsi işlərində Elmi Analitik Sınaq Laboratoritasının göstərdiyi xidmətlər də diqqətə çatdırıldı.

BNEZ–in baş mühəndisi Rasim İbrahimov “AMEA Yüksək Texnologiyalar Parkı" MMC-nin əməkdaşlarına minnətdarlığını bildirdi, laboratoriyanın emal sənayesində mövcud və yarana biləcək problemlərin həllində geniş imkanlara malik olduğunu qeyd etdi. Bakı Neft Emalı Zavodunun ərazisindəki istehsalata nəzarət laboratoriyasına müasir cihazların sifarişində və komplektasiyasında, beynəlxalq standartların tədbiqində, personalın təlimində birgə əməkdaşlığın zəruriliyi qeyd edildi.