“AMEA Yüksək Texnologiyalar Parkı” MMC, “Dəmir-Texnika Mərkəzi” və “Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası”nın birgə iştirakı ilə görüş keçirilmişdir.
Tərəflərin tanışlığı ilə başlanan görüşdə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru akademik Əli Abbasov rəhbərlik etdiyi qurum haqqında ümumi məlumat verərək, rezidentlər tərəfindən istehsal edilən məhsullar, icra edilən layihələrin elmtutumluluğu, nizamnaməyə uyğun olaraq idarəedici təşkilatın və rezidentlərin hüquq və vəzifələri, eləcə də rezident statusu alan sahibkarlıq subyektlərinə dövlət tərəfindən verilən imtiyazlardan danışdı. Akademik həmçinin AMEA Yüksək Texnologiyalar Parkının innovativ texnologiyaların sənayedə tətbiqi və elmi biliklərin kommersiyalaşdırılması üçün zəruri infrastruktura, maddi-texniki bazaya malik idarəetmə qurumları olan ərazi olduğunu diqqətə çatdırdı.
Görüşdə iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov hazırda ölkədə aparılan iqtisadi islahatlardan, ümumilikdə Respublikada sənaye zonalarının yaradılmasının məqsədlərindən və sənaye siyasəti üzrə qanunvericiliyə uyğun olaraq tətbiq edilən investisiya təşviqi mexanizmlərindən danışdı.
Görüş zamanı gündəlikdə olan nanotexnologiyalı qoruyucu boya istehsalı layihəsi üzrə əməkdaşlıq istiqamətləri və gələcək planlar müzakirə edildi. Qurumlar arasında əməkdaşlığın təşkilinə və layihənin həyata keçirilməsinə dair qarşılıqlı fikir mübadiləsi aparıldı. Dəmir-Texnika Mərkəzinin direktoru Tamara Yusifova layihə və gözlənilən nəticələr haqqında ətraflı məlumat verdi.
Daha sonra layihənin Hollandiyada olan tərəfdaşı “Eninco Engineering B.V.” şirkətinin direktoru Dr. Arezoo Assariani ilə onlayn əlaqə yaradıldı. Dr. Arezoo Assariani təklif edilən texnologiyanın elmi-texnoloji yenilik olduğunu və dünyanın aparıcı ölkələrində bu sahədə aparılan araşdırmalardan danışdı. Eyni zamanda Dr. Arezoo Assariani Azərbaycanda xarici investisiyalar üçün yaradılmış cəlbedici şəraitdən məmnunluğunu bildirərək şirkət tərəfindən layihənin Azərbaycanda həyata keçirilməsi qərarının verilməsində bu amilin mühüm rol oynadığını bildirdi.
Görüşün yekununda tərəflər bu layihənin həyata keçirilməsində maraqlı olduqlarını və layihənin AMEA Yüksək Texnologiyalar Parkında icrası istiqamətində tərəf olaraq üzərinə düşən öhdəliklərin yerinə yetiriləcəyinə qərar verdilər.