Daşınan qurğular üçün süni intellektli ilk prosessor yaradılıb

Çinin “Xiaomi” şirkətinin dəstəklədiyi “Huami” brendi məxsusi olaraq daşınan qurğular üçün hazırlanan “Huangshan No. 1” (MHS001) prosessorunu təqdim edib.
Çip daşınan qurğular üçün süni intellekt vasitələrinə malik ilk məhsul hesab edilir. Söhbət inteqrasiya edilmiş neyron şəbəkədən gedir.
Bildirilir ki, prosessor 4 süni intellekt proqramına malikdir. Onlar ürək ritminin analizi, elektrokardioqram çəkilişi və s. kimi funksiyalara cavabdehdirlər.
Yeni çip “RISC-V” arxitekturasından istifadə edir. İstehsalçıların sözlərinə görə, prosessor az enerji sərf edir ki, bu da daşınan qurğuların avtonom iş müddətini artırmağa imkan verəcək.
“Huangshan No. 1” (MHS001) platformalı qurğular real vaxt rejimində çoxlu sayda əməliyyat yerinə yetirə biləcəklər. Məsələn, istifadəçinin hərəkətlərinin izlənməsi, biometrik identifikasiya, müxtəlif bildirişlərin göstərilməsi və s.
Yeni çiplə təchiz edilən ilk daşınan qurğuların 2019-cu ildə işıq üzü görəcəyi gözlənilir.