Məsafədən idarə edilən robot-hörümçək hazırlanıb

Honkonqun “Robugtix” şirkəti pilləkənlə yuxarı qalxa və başqa tapşırıqları yerinə yetirə bilən, hörümçəyə bənzəyən universal robotu təqdim edib.
“Z6” adlı robot-hörümçək bükülmə qabiliyyətinə malik olduğuna görə 2 dəfə kiçilə bilir. O, pilləkənlə hərəkət edir və maneələri dəf edir. Hər hansı bir səbəbdən çevrilərsə, ilkin vəziyyətinə müstəqil şəkildə qayıda, həmçinin yüngül yükləri daşıya bilir.
Robotu məsafədən idarə etmək üçün ekrana malik olan xüsusi pult hazırlanıb. İstehsalçılar hesab edirlər ki, bu xüsusiyyəti sayəsində “Z6”dan xilasetmə missiyaları, araşdırmalar zamanı və ya müşahidələr üçün istifadə etmək olar.
Robot-hörümçək 30 sm/san sürətlə hərəkət edir. Qurğunun batareya ilə işləmə vaxtı onun yerinə yetirəcəyi tapşırıqlardan asılıdır. İstehsalçıların sözlərinə görə, sınaqlar zamanı robot enerji ilə doldurulduqdan sonra təxminən 60 dəqiqə işləyib.
Qurğu “Bigfoot Robotics Engine Pro.” proqram təminatı əsasında işləyir. Robot baş verənləri çəkməyə və real vaxt rejimində videonu qurğunun sahibinə ötürməyə imkan verən daxili kamera ilə təchiz edilib. Avtomatlaşdırılmış hörümçəyə, həmçinin akselerometr və giroskop quraşdırılıb, onun “pəncə”lərinə isə sensorlar yerləşdirilib.