3D printerdə fortepianoda ifa edə bilən əl çap edilib

Alimlər 3D printerdə fortepianoda sadə musiqi melodiyalarını ifa edə bilən avtomatlaşdırılmış əl çap ediblər.
Kembric Universitetinin mühəndisləri tərəfindən hazırlanmış robotun əlindəki əzələ və vətərlər istisna olmaqla bütün sümük və bağlar insan əlinə bənzədilib. Bu xüsusiyyət barmaqların bir-birindən asılı olmadan müstəqil hərəkətinə mane olur. Buna baxmayaraq, robot klavişdə müxtəlif oyun üslublarını eləcə də stakkato və leqatonu ifa edə bilir.
Mürəkkəb insan əlinin robot üzərində canlandırılması mühəndislərin qarşında ciddi problem kimi dayanır. Çünki, müasir robotların əksəriyyəti hətta kiçik yaşlı uşaqların asanlıqla edə biləcəyi məsələləri həll etmək imkanına malik deyillər.
Robota əlin dinamik modelinə təsir edən mexanika, materialın xüsusiyyətləri, ətraf mühit və biləyin işi nəzərə alınmaqla klavişlərdə ifa etməyi “öyrədiblər”. Tədqiqatçılar robotu müxtəlif stildə və tempdə bir neçə qısa musiqi melodiyasını yenidən ifa etməyə proqramlaşdırıblar. Alimlər bu baza testlərinin nəticələrinə əsasən robot üçün kifayət qədər mürəkkəb davranışlar əldə ediblər.
Layihə əsasında məlum olur ki, sümüklər, bağlar və dəri beynin aktiv nəzarəti olmadan fəaliyyət göstərir. Üçölçülü çapın müasir texnologiyasından istifadə edərək, hazırda bu orqan və alətləri aktiv idarəetmə xaricində tədqiq etmək olar ki, bunu da pianoda ifa edən insanlarla etmək mümkün deyil. Buna səbəb robotdan fərqli olaraq insan beynini “söndürməyin” mümkün olmamasıdır.
Tədqiqatçıların fikrincə, bu nəticələr daha mürəkkəb problemlərin həllinə: məsələn, cərrahi əməliyyatlar həyata keçirən və qırıla bilən əşyalar üzərində işləyən robotların inkişafına kömək edəcək.