AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI


“Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji  biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”nın, “Texnologiyalar parkının və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnamələrinin Forması”nın və “Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin Forması və ona əlavə edilən sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında

“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının 4.1.3-cü, 4.1.4-cü və 4.1.5-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
  2. “Texnologiyalar parkının və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnamələrinin Forması” təsdiq edilsin (2 nömrəli əlavə).
  3. “Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin Forması və ona əlavə edilən sənədlərin Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə).

 

Azərbaycan Respublikasının Baş naziri
Artur Rasi-zadə

 

Bakı şəhəri, 8 iyul 2015-ci il

   № 257

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 8 iyul tarixli 257 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

1 nömrəli əlavə

 

 

Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması

 QAYDASI

 

  1. Ümumi müddəalar

1.1. Bu Qayda “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının 4.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və texnologiyalar parkının  (bundan sonra – texnopark) nəzdində fəaliyyət göstərən texnoloji biznes inkubatorunun  (bundan sonra – inkubator) rezidentlərinin qeydiyyatı, texnoparkın (inkubatorun) rezidentlərinin reyestrinin aparılması qaydasını müəyyən edir.

1.2. Bu Qayda texnoparkın səlahiyyətli orqanına (yanında texnopark yaradılan dövlət elm və təhsil müəssisəsinə), idarəedici təşkilatına, rezidentlərinə, həmçinin inkubatorun rezidentlərinə şamil olunur.

1.3. Texnoparkın (inkubatorun) rezidentlərinin qeydiyyatı və reyestrinin aparılması, onlara müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsi texnoparkın idarəedici təşkilatı (bundan sonra – idarəedici təşkilat) tərəfindən həyata keçirilir.

 

  1. İnkubator rezidentlərinin qeydiyyatı

 

2.1. İnkubatorda fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər inkubatorun rezidenti kimi qeydiyyatdan keçməli və inkubatorun qeydiyyat şəhadətnaməsini almalıdırlar.

2.2. Hüquqi və fiziki şəxslər inkubatorun rezidenti kimi qeydiyyatdan keçmək üçün elektron və ya yazılı ərizə ilə idarəedici təşkilata müraciət edirlər. Ərizədə aşağıdakı məlumatlar göstərilir:

2.2.1. hüquqi şəxs olan ərizəçinin tam adı və təşkilati-hüquqi forması;

2.2.2. fiziki şəxs olan ərizəçinin soyadı, adı və atasının adı;

2.2.3. ərizəçinin ünvanı və əlaqə vasitələri;

2.2.4. innovasiya layihəsinin adı və qısa məzmunu;

2.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.

2.3. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.3.1. innovasiya layihəsi üzrə inkubatorda fəaliyyət göstərəcək şəxslərin siyahısı;

2.3.2. ərizəçinin sahibkarlıq fəaliyyəti barədə məlumat (əgər varsa);

2.3.3. innovasiya layihəsinin biznes-planı;

2.3.4. innovasiya layihəsinin ətraflı məzmununu əks etdirən və müvafiq proqram təminatında hazırlanmış təqdimat. İnkubatorda fəaliyyət göstərmək üçün təqdim edilən innovasiya layihələri texnoparkın rezidentliyi məqsədi ilə təqdim olunan innovasiya və yüksək texnologiya layihəsindən zəif kommersiyalaşma səviyyəsinə görə fərqlənir.

2.4. İdarəedici təşkilat ərizəçinin müraciətini qəbul edir və ərizəçiyə qeydiyyatı təsdiq edən sənəd verir.

2.5. Qeydiyyat prosedurunun ümumi müddəti ərizənin qeydiyyata alındığı tarixdən etibarən 20 (iyirmi) iş günüdür.

2.6. İdarəedici təşkilat daxil olmuş ərizəni 20 (iyirmi) iş günü müddətində araşdırır, aşağıdakı qərarlardan birini qəbul edir və bu barədə ərizəçiyə məlumat verir:

2.6.1. innovasiya layihəsinin inkubatorun məqsədlərinə, müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun gəlməsi və ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınması;

2.6.2. innovasiya layihəsinin inkubatorun məqsədlərinə, fəaliyyət istiqamətinə və ya müvafiq meyarlara uyğun gəlməməsi səbəbindən ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınmaması.

2.7. Təqdim edilmiş müraciətdə inkubatorun rezidenti kimi qeydiyyata alınma üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, idarəedici təşkilat tərəfindən həmin sənədlər çatışmazlıqlar göstərilməklə, bu çatışmazlıqların aradan qaldırılması üçün müraciət etmiş şəxsə geri qaytarılır. Həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər idarəedici təşkilata 5 (beş) iş günü müddətində yenidən təqdim olunur.

2.8. İnkubatora təqdim edilən layihələrin qiymətləndirilməsi idarəedici təşkilat tərəfindən layihənin perspektivi baxımından aparılır və müstəqil şəkildə qərar qəbul edilir. İdarəedici təşkilat tərəfindən layihələrin qiymətləndirilməsi xüsusi yaradılmış daxili komissiyanın rəyinə əsasən həyata keçirilir və bu  zaman müraciət etmiş ərizəçilərlə görüşlər təşkil edilir, layihənin məzmunu barədə ərizəçilərin təşkil etdiyi təqdimatlar dinlənilir. Daxili komissiya ərizəçinin təqdim etdiyi innovasiya layihəsini inkubatorun prioritet istiqamətlərinə uyğunluğu və idarəedici təşkilatın müəyyən etdiyi meyarlar əsasında qiymətləndirir.

2.9. İdarəedici təşkilatın yaratdığı daxili komissiya ərizəçinin təqdim etdiyi innovasiya layihəsinə dair rəyini özünün innovasiya layihələri təqdim olunduqda, habelə komissiyanın vəzifələrin icrası ilə bağlı zərurət yarandığı hallarda çağırılan iclasında bildirir və qeydiyyat prosedurunun ümumi müddətinin son 5 (beş) iş günündən gec olmayaraq idarəedici təşkilata təqdim edir. İdarəedici təşkilatın müvafiq komissiyasına səlahiyyətli orqanın, onun qurumlarının və kənar təşkilatların mütəxəssisləri daxil edilə bilərlər.

2.10. İdarəedici təşkilatın müvafiq komissiyasının innovasiya layihəsinə dair mənfi rəyi olduqda, habelə ərizədə və ona əlavə edilən sənədlərdə aşkar edilmiş çatışmazlıqlar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, idarəedici təşkilat qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınmasından imtina haqqında qərar qəbul edir və bu barədə ərizəçiyə yazılı məlumat verir.

2.11. İdarəedici təşkilat müvafiq daxili komissiyanın innovasiya layihəsinə dair rəyi əsasında qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edərək, innovasiya layihəsinin inkubatorda fəaliyyət göstərəcək müddətini müəyyən edir və inkubatorun qeydiyyat şəhadətnaməsini ərizəçiyə təqdim edir. Hüquqi və fiziki şəxslər inkubatorun qeydiyyat şəhadətnaməsinin verildiyi tarixdən inkubatorun rezidenti hesab edilirlər.

2.12. İnkubatorun rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra 30 (otuz) gün müddətində idarəedici təşkilatla (operatorla) fəaliyyət göstərəcəyi sahənin (torpaq sahəsi istisna olmaqla) icarə müqaviləsini bağlayır.

2.13. İnkubatorda fəaliyyətin həyata keçirilməsinə dair müqavilədə aşağıdakılar əks olunur:

2.13.1. tərəflərin hüquq və öhdəlikləri;

2.13.2. inkubatorda təqdim olunan xidmət haqqının məbləği və ödənilməsi qaydası;

2.13.3. müqavilənin müddəti və xitam verilməsi qaydaları;

2.13.4. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası;

2.13.5. qanunvericiliyə zidd olmayan digər müddəalar.

2.14. İnkubatorun rezidentinə müvafiq yer ayrıldıqdan sonra imzalanmış müqaviləyə uyğun olaraq inkubatorun rezidentinə xidmətlər təqdim edilir və o icarə müqaviləsində göstərilən avadanlıq və əşyalar ilə təchiz olunur.

2.15. İnkubatorda fəaliyyət göstərən rezidentlərin layihələri barədə sənədlər və məlumatlar konfidensial sayılır. Həmin məlumatların və ya sənədlərin açıqlanması yalnız mövcud qanunvericiliyin tələbləri və ya bağlanılmış müqavilənin şərtləri ilə müəyyən olunmuş hallarda mümkündür.

2.16. İnkubatorun rezidentinin əsaslandırılmış müraciəti və daxili komissiyanın müsbət rəyi olduqda, layihənin və müqavilənin müddəti uzadılır. Müqavilənin müddətinin uzadılması əlavə razılaşma ilə təsdiqlənir. İnkubatorda rezidentin bir layihə üzrə fəaliyyəti 3 (üç) ildən artıq ola bilməz.

2.17. İnkubatorda fəaliyyətin həyata keçirilməsinə dair müqavilənin müddəti başa çatdıqdan və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdən sonra inkubatorun rezidenti müvafiq qaydada texnoparkın rezidenti kimi qeydiyyatdan keçə bilər.

2.18. İnkubatorun rezidentləri Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, habelə texnoparkın fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktların və bağlanılmış müqavilələrin tələblərinə riayət etmədikdə, onların qeydiyyatı idarəedici təşkilat tərəfindən birtərəfli qaydada ləğv edilir. Həmçinin, inkubatorun rezidenti olan hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs isə sahibkarlıq fəaliyyətini dayandırdıqda, onların qeydiyyatı idarəedici təşkilat tərəfindən ləğv edilir.

 

  1. Texnoparkın (inkubatorun) rezidentlərinin reyestrinin aparılması

 

3.1. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi idarəedici təşkilat tərəfindən təmin edilir.

3.2. Reyestr təqvim illərinə əsasən və hər texnopark üzrə ayrıca aparılır.

3.3. Reyestr kağız və elektron daşıyıcılarda tərtib edilir. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur.

3.4. Reyestrin elektron formada tərtib edilməsi təşkilati, metodoloji və texniki proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla, dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir.

3.5. Reyestr aşağıdakılardan ibarətdir:

3.5.1. rezident olan hüquqi şəxslər barədə məlumatlar;

3.5.2. rezident olan fiziki şəxslər barədə məlumatlar;

3.5.3. rezidentin qeydiyyatı və ləğvi barədə məlumatlar;

3.5.4. reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər;

3.5.5. texnoparkda (inkubatorda) qeydiyyata alınmaq üçün təqdim edilmiş sənədlər.

3.6. Texnoparkın (inkubatorun) rezidentlərinin reyestrində aşağıdakı məlumatlar əks olunur:

3.6.1. hüquqi şəxs olan rezidentin tam adı və təşkilati-hüquqi forması;

3.6.2. fiziki şəxs olan rezidentin soyadı, adı və atasının adı;

3.6.3. rezidentin hüquqi (fəaliyyət) ünvanı;

3.6.4. vergi ödəyicisinineyniləşdirmə nömrəsi (VÖEN);

3.6.5. hüquqi şəxs olan rezidentin hər bir təsisçisinin (iştirakçısının):

3.6.5.1. tam adı (hüquqi şəxsdirsə);

3.6.5.2. soyadı, adı və atasının adı (fiziki şəxsdirsə);

3.6.5.3. hüquqi  ünvanı (yaşayış yeri);

3.6.5.4. dövlət qeydiyyatı haqqında məlumatlar;

3.6.6. hüquqi şəxs olan rezidentin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) soyadı, adı, atasının adı və ünvanı;

3.6.7. rezidentin texnoparkda (inkubatorda) həyata keçirdiyi innovasiya layihəsinin tam adı və müddəti (inkubator üzrə);

3.6.8. reyestr məlumatlarında edilmiş dəyişikliklər;

3.6.9. rezidentin texnoparkda (inkubatorda) qeydiyyata alınması və qeydiyyatının ləğvi haqqında qərarın tarixi və nömrəsi.

3.7. Müvafiq qaydada tərtib edilmiş reyestr kitabı qaytanlanır, idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.

3.8. İdarəedici təşkilat hüquqi və ya fiziki şəxsin texnoparkın (inkubatorun) rezidenti kimi qeydiyyata alınması və ya qeydiyyatının ləğvi haqqında qərar qəbul etdikdən 5 (beş) iş günündən gec olmayaraq məlumatları reyestrə daxil edir.

3.9. Texnoparkın (inkubatorun) rezidentinə vahid və reyestrdə təkrarolunmaz 11 rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsindəki ilk üç rəqəm rezidentin reyestrdəki sıra nömrəsini, növbəti iki rəqəm rezidentin texnoparkda (inkubatorda) qeydiyyata alındığı ilin son iki rəqəmini, növbəti altı rəqəm isə vergi ödəyicisinin (rezident vergi ödəyicisi olduğu halda) eyniləşdirmə nömrəsinin (VÖEN) üçüncü-səkkizinci rəqəmlərini göstərir (rezidentin VÖEN-i olmadıqda, bu rəqəmlər sıfır kimi göstərilir). Qeydiyyat nömrəsi reyestrdə, texnoparkın (inkubatorun) qeydiyyat şəhadətnaməsində və reyestrdən çıxarışda əks olunur.

3.10. Texnoparkın (inkubatorun) rezidentinin qeydiyyatı ləğv edildikdə, onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir və bu barədə reyestrdə qeyd aparılır.

3.11. Reyestrə daxil edilən məlumatlarda dəyişikliklər baş verdikdə, texnoparkın (inkubatorun) rezidenti bu barədə idarəedici təşkilata məlumat verməlidir. Məlumat daxil olduqdan sonra 5 (beş) iş günündən gec olmayaraq, idarəedici təşkilat tərəfindən reyestrə müvafiq dəyişikliklər daxil edilməlidir.

3.12. Reyestr məlumatlarındakı dəyişikliklərlə bağlı reyestr kitabında qeydlər aparılarkən, ilkin məlumatlara, habelə həmin məlumatlarla əlaqəli digər dəyişikliklərə sıra nömrəsinə uyğun istinadlar edilir.

3.13. Reyestrdə dəyişiklik edilərkən, o cümlədən rezident olan hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, rezident olan fiziki şəxsin soyadı, adı və atasının adı dəyişdikdə, qeydiyyat nömrəsi dəyişilmir.

3.14. Reyestrə texnoparkın rezidenti barədə məlumatlar daxil edildikdən, texnoparkın rezidentinə qeydiyyat şəhadətnaməsi verildikdən və rezidentin texnoparkda qeydiyyatının ləğvi barədə qərar qəbul edildikdən sonra idarəedici təşkilat 2 (iki) iş günü ərzində bu barədə texnoparkın səlahiyyətli orqanına (dövlət elm və təhsil müəssisəsinə), Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə rəsmi məlumat təqdim etməlidir.

3.15. Hüquqi və fiziki şəxslərin texnoparkda (inkubatorda) qeydiyyata alınması və qeydiyyatının ləğvi barədə məlumat idarəedici təşkilatın internet informasiya ehtiyatında açıqlanır.

 

  1. Reyestrdən istifadə və reyestrdə olan məlumatların saxlanılması

 

4.1. Texnoparkın (inkubatorun) rezidenti özü barəsində reyestrdəki məlumatlarla tanış olmaq, reyestrdən çıxarışı və texnoparkda (inkubatorda) qeydiyyata alınmaq üçün təqdim etdiyi sənədlərin surətlərini almaq hüququna malikdir.

4.2. Reyestrdən çıxarış idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsinin imzası ilə verilir və möhürlə təsdiq edilir.

4.3. Reyestrdən çıxarış “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq sorğu əsasında üçüncü şəxslərə də verilir. Bu halda reyestrdən çıxarışda əks olunan məlumatlar (rezident olan hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğuya uyğun verilir.

4.4. Reyestr məlumatlarını əks etdirən və texnoparkda qeydiyyata alınmaq üçün təqdim edilən sənədlər, o cümlədən texnoparkın qeydiyyat şəhadətnaməsi və reyestrdən çıxarış “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq saxlanılmaq üçün arxivə verilir.

 

  1. Mübahisələrin həlli

 

5.1. Bu Qayda ilə tənzimlənən münasibətlər üzrə idarəedici təşkilat və rezidentlər (ərizəçilər) arasında mübahisələr yarandıqda, mübahisənin həll edilməsi üçün texnoparkın səlahiyyətli orqanına (dövlət elm və təhsil müəssisəsinə) və ya məhkəməyə müraciət edilir.

5.2. Tərəflər arasında bu Qaydada nəzərdə tutulmayan münasibətlər üzrə mübahisələr ümumi qaydada Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.

5.3. Texnoparkın (inkubatorun) rezidentlərinin öhdəliklərinə görə texnoparkın səlahiyyətli orqanı və idarəedici təşkilat məsuliyyət daşımırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 8 iyul tarixli 257 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

2 nömrəli əlavə

logo_ytp11.png
               www.ameaytp.az
© 2019, AMEA Yüksək Texnologiyalar Parkı

Əlaqə

+994 12 376 67 56
office@ameaytp.az
Bakı şəhəri, Xətai rayonu,
Köhnə Əhmədli qəsəbəsi, 622-ci küçə, 9

Search