AMEA YT Park Kuboku uğrunda şahmat turniri başa çatdı

28 dekabr 2017-ci il tarixində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (AMEA YT Park) Kuboku uğrunda şahmat turnirinin final mərhələsi baş tutdu. Turnir bu il ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin 20 dekabr 2017-ci il tarixli 794 saylı sərəncamına əsasən keçirilib.

AMEA YT Park tərəfindən təşkil olunan turnirə, AMEA İnstitutularını təmsil edən əməkdaşlardan ibarət komandalar qatılıb. 4 gün davam edən yarışda iştirak üçün 32 əməkdaş qeydiyyatdan keçib. Final mərhələsində 1-ci, 2-ci, 3-cü, 4-cü yerlərin sahibləri bəlli olub. 1-ci yerin qalibi AMEA Riyaziyyat və Mexanika İnstitutu əməkdaşı, AMEA-nın müxbir üzvü  Prof. Bilal Bilalov. 2-ci yer    AMEA İqtisadiyyat İnstitutu əməkdaşı Tanriverdi Paşa müəyyən edilib. 3-cü yer AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı Ağadadaş Qafarov, və 4-cü yer AMEA Fizika Institutunun əməkdaşı Sakin Cabarov bölüşüblər. Qaliblər fəxri fərmanla təltif olunaraq, mükafatlandırılmışdır.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev qonaqları salamlayaraq, AMEA-nın bütün İnstitut və təşkilatlarının əməkdaşlarını qarşıdan gələn Yeni İl və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İbrahim Quliyev AMEA tərəfindən ilk dəfə şahmat yarışı keçirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana olan diqqət və qayğısı sayəsində ölkədə bütün idman növləri inkişaf etdiyini bildirmişdir. Öz çıxışında akademik, Azərbaycanda mötəbər şahmat yarışlarının keçirilməsinin ənənə halını aldığını və bu gün ölkəmizin beynəlxalq şahmat yarışlarının təşkilatçılığı ilə bütün dünyada tanındığını bildirmişdir.

Sonra, tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş ulu öndərimiz Heydər Əliyevdən bəhs edərək, Prezident İlham Əliyevin də şahmatın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdırıb.

Şahmat üzrə Beynəlxalq dərəcəli hakim, AMEA Kataliz Qeyri-üzvi Kimya İnstitunun aparıcı elmi işcisi Namiq İsmayılov yarışın maraqlı rəqabət şəraitində keçdiyini qeyd edib. Natiq, şahmatın maddi-texniki bazasının gücləndirilməsi, şahmatçılara göstərilən dövlət qayğısı və şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayının günü-gündən çoxalması barədə danışıb. AMEA YT Parkın təşkilatçılığı ilə turnirin 2018-ci ildə də keçiriləcəyini qeyd edib. Tədbirin təşkili üçün AMEA əməkdaşlarına təşəkkürlərini bildirib. 


28.12.2017