AMEA YTP "Texnoprom 2017" 5-ci Beynəlxalq Texnoloji İnkişaf forumunda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndə heyəti 20-22 iyun - da Rusiyanın Novosibirsk şəhərində keçirilən "Texnoprom 2017" 5-ci Beynəlxalq Texnoloji İnkişaf forumunda iştirak edib. Beynəlxalq müzakirələr üçün geniş platforma hesab olunan 5-ci Beynəlxalq Texnoloji İnkişaf forumunda elmin tərəqqisi, yeni texnologiyalar, iqtisadiyyatın inkişafı üçün yeni modellərin yaradılması yolları və s. məsələlər müzakirə olunub. Forumun ilk günü ənənəvi olaraq, hər il keçirilən "STİ Expo" -Elm, Texnologiya və İnnovasiya sərgisinin açılışı olub. Rusiyanın aparıcı alim və tədqiqatçıları, sənaye biznesi nümayəndələri, texnologiya sahəsində fəaliyyət göstərən  sahibkarlar, iş adamlarının iştirak etdiyi forumda 5000-dən çox insan iştirak edib. "Yeni Sənaye İnqilabı: Gələcəyini qazan" şüarı altında keçirilən forumun məqsədi Rusiya iqtisadiyyatında texnologiya sahəsində liderliyi təşviq etmək və iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq olub. 3 gün davam edən forumda "Yeni sənaye inqilabı" çərçivəsində Rusiya iqtisadiyyatının şaxələndirilməsi, ənənəvi bazarlarda idxal olunan məhsulların əvəzlənməsi və yeni texnologiyalar əsasında hazırlanan məhsulların xarici bazarlara çıxarılması və s. istiqamətlərdə müzakirələr aparılıb. Elm, sənaye və innovativ biznes sahəsinin aparıcı nümayəndələri arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması və gənclərin bu sahələrə cəlb edilməsi, yüksək texnologiyalar sahəsində startapların inkişaf etdirilməsi də forumda müzakirə edilib. 


22.06.2017