AMEA Yüksək Texnologiyalar Parkının nümayəndəsi BMT-nin tədbirində iştirak edib

Qırğızıstanın paytaxtı Bişkekdə BMT-nin Mərkəzi Asiya ölkələri iqtisadiyyatı üçün xüsusi proqramı SPECA-nın "Dayanıqlı İnkişaf Məqsədləri üçün innovasiyaların yaradılması"na həsr olunan regional görüşü keçirilib. Bundan əlavə, SPECA-nın Biliyə əsaslanan İnkişaf üzrə İşçi Qrupunun 9-cu sessiyası da baş tutub. Tədbirdə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Asiya və Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Almaniya, Belçika, Ukrayna, Birləşmiş Krallıq, Belarus, Niderland və digər ölkələrdən nümayəndələr iştirak ediblər. İclasda dayanıqlı inkişaf məqsədləri üçün innovasiyaların yaradılmasına dair regional baxışlar, eko-innovasiya və sosial innovasiyaların bu sahədə rolu, sosial sahibkarlığın təşviq edilməsi, dayanıqlı inkişafı dəstəkləmək məqsədilə investisiyanın cəlbedilməsi üçün əlverişli mühitin yaradılmasında hökumətin rolu mövzusunda müzakirələr aparılıb. AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşı Vüsal Süleymanlı "Azərbaycanda bilik iqtisadiyyatının və elm, dövlət, sənaye əsaslı innovasiya ekosisteminin inkişafı" mövzusunda təqdimatla çıxış edib. V.Süleymanlı ölkəmizdə dayanıqlı inkişaf məqsədləri üçün görülən işlər, startap ekosistemindəki son durum və bu sahədəki fəaliyyət planı barədə məlumat verib. SPECA-nın Biliyə əsaslanan İnkişaf üzrə İşçi Qrupunun 9-cu sessiyasında isə 2018-2019-cu il üzrə fəaliyyət proqramı qəbul edilib.


24.06.2017