Təhsil naziri Mikayıl Cabbarov AMEA Yüksək Texnologiyalar Parkı ilə tanış olub

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə Rəyasət Heyətinin əməkdaşları və təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə AMEA YTP-də tədbir keçirilib. Nazir texnoparkda yaradılan Texnologiyaların və İnnovasiya Məhsullarının Transferi Mərkəzi ilə, o cümlədən Parkın potensial rezidentlərinin fəaliyyəti ilə yaxından tanış olub. Öncə AMEA Təcrübə-Sənaye Zavodunun və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Sonra tədbir iştirakçıları pilotsuz uçan aparatların istehsal sahələri, AMEA YTP-nin Mərkəzləşdirilmiş analitik laboratoriyası, o cümlədən Radio ekoloji monitorinq sistemi ilə yaxından tanış olublar. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat və magistrantlarından ibarət qrupların yaradılaraq AMEA YT Parkda perspektiv layihələrə cəlb edilməsi tədbir iştirakçılarının maraq və rəğbətinə səbəb olub.Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayıb, görüşün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən Yüksək Texnologiyalar Parkının yaradıldığını xatırladan akademik Akif Əlizadə AMEA-nın Parkda atdığı ilk qədəmlərində göstərdiyi dəstəyə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirib və bunun ikitərəfli əməkdaşlıqda mühüm rol oynadığını diqqətə çatdırıb. Akademik Akif Əlizadə vurğulayıb ki, AMEA və BMU arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, yaxın vaxtlarda Biznes İnkubasiya Mərkəzinin açılışı gözlənilir. YTP-də görüləcək işlərin hələ çox olduğunu deyən akademik bu istiqamətdə Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq sayəsində mühüm nailiyyətlər əldə olunacağına əminliyini ifadə edib. Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək elm və təhsilin inteqrasiyasının, bu sahədə həyata keçirilən islahatların ölkəmizin davamlı inkişafındakı rolundan danışıb. Qeyd edib ki, hazırda biliklərin kommersiyalaşdırılması, istedadlı gənclərin biznes ideyalarının dəstəklənməsi istiqamətində bir sıra işlər görülür. Nazir bildirib ki, elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platforması kimi YT Parkın imkanlarından geniş şəkildə istifadə etmək məqsədilə layihələr həyata keçiriləcək. M.Cabbarov nazirlik ilə YTP arasında əməkdaşlıq mexanizmini müəyyənləşdirmək üçün İşçi Qrupunun yaradılacağını əlavə edib. Nazir ölkəmizdə təhsil və elm sahəsinə cavabdeh iki qurumun – Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının gələcəkdə də birgə əməkdaşlığının vacibliyini vurğulayıb. Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar


24.07.2017