Türkiyənin Erciyes Texnoparkının baş direktoru Bilgin Yazlık AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşlarına təlim keçib

“Yüksək texnologiyalar sahəsində innovativ düşüncəyə malik insanların, xüsusilə gənclərin uğur əldə etməsində texnoparkların böyük rolu var. Məhz texnoparklar mövcud ideyanı layihəyə çevirmək, həmin layihəni inkişaf etdirərək bazara çıxarmaq yollarını startapçılara göstərərək onları doğru istiqamətləndirirlər”. Bakıda səfərdə olan Türkiyənin Erciyes Texnoparkının baş direktoru Bilgin Yazlık AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşlarına təlim keçib. 
Təlim zamanı texnoparkın idarəedilməsi, startapçıların maarifləndirilməsi, investisiyaların təşviqi, investorlarla sahibkarların əlaqələrinin genişlənməsi mövzularına toxunulub. Erciyes Texnoparkının Biznes İnkubasiya Mərkəzi olan SERA-nın qurulması, fəaliyyəti, mövcud iş prosesi barədə ətraflı məlumat verib. Qeyd edib ki, 217 min kvadrat metr açıq, 30,5 min kvadrat metr qapalı əraziyə sahib texnoparkda 203 bina mövcuddur. Buradakı firmaların əksəriyyəti öz fəaliyyətlərini beynəlxalq, iqtisadi münasibətlər və texnoloji sahələr üzərində qurublar. Eyni zamanda, enerji, kimya və qida sənayesi ilə məşğul olan şirkətlər də var.
2 günlük təlim zamanı startapçıların layihələrini biznesə çevirmək üçün ehtiyacı olduqları mövcud qaynaqların düzgün araşdırmağın yollarını göstərib. Prototipi əldə etdikdən sonra pilot layihə olaraq istehsal prosesinin texnoparkların öhdəsinə düşdüyünü bildirib. 2005-ci ildən fəaliyyət göstərən Erciyes Texnoparkının bu sahədə keçdiyi təcrübəni nümunə göstərərək, təmsil etdiyi qurumun Türkiyənin 5-ci böyük texnoparkı olduğunu bildirib. 
Bakıya səfəri zamanı AMEA Yüksək Texnologiyalar Parkı ilə yaxından tanış olan qonağa texnoparkda yaradılan şərait, imkanlarla bağlı geniş məlumat verilib. AMEA YTP-nin direktoru Vüqar Babayev Erciyes Texnoparkı ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında daha öncə yaradılan əməkdaşlıq əlaqələrinin davamı olaraq, rəhbərlik etdiyi YTP ilə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb. AMEA YTP-nin beynəlxalq əlaqələr ofisi, Biznes İnkubasiya Mərkəzi, Texnologiya Transferi Ofisinin əməkdaşlarına keçdiyi təlimə görə minnətdarlığını bildirərək, belə tədbirlərin davamlı olacağını, qarşılıqlı səfərlərin təşkil olunacağını qeyd edib.


05.08.2017