AMEA YTP-nin Müşahidə Şurasının iclası keçirilib

Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA Yüksәk Texnologiyalar Parkı (AMEA YTP) Müşahidə Şurasının iclası keçirilib. Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev açaraq iclasın Azərbaycan Respublikası prezidentinin Sərəncamı əsasında yaradılmış YTP-nin bir illik fəaliyyətinə dair hesabata həsr edildiyini bildirib. Akademik elm-dövlət-sənaye əməkdaşlığının təmin edilməsi və elmin kommersiyalaşdırılması ilə milli innovasiya ekosisteminin və bilik iqtisadiyyatının qurulmasının YTP-nin  fəaliyyətinin ali məqsədi olduğunu vurğulayıb. İlk olaraq AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev parkda 2016-2017-ci illər ərzində görülən işlərdən danışıb. YTP-nin mərkəz və şöbələrinin fəaliyyətindən söz açan Vüqar Babayev bildirib ki, cəmiyyətdə təşəbbüskar yanaşmanın inkişaf etdirilməsi ilə layihələri ideyadan biznesə çevrən, texnologiyaların transferini həyata keçirən elmtutumlu mərkəz olan Biznes İnkubasiya Mərkəzi (BİM) özündə 7000-dən artıq peşəkar alim və mütəxəssis toplamaq imkanına sahibdir. Sənaye Mərkəzi isə xüsusi statusa malik olan və rezidentlər üçün ideal infrastrukturu təmin edən istehsalat məkanıdır. İclasda parkın təşkil etdiyi və tərəfdaş olduğu startap müsabiqələri, eləcə də “Yeni fikir” müsabiqəsi, “ClimateLaunchpad” proqramı, Elm-Təhsil Biznes Əməkdaşlığı Platforması, “Elm-Texnologiya İdeya Bank” və “Alim İnsan” kimi BİM-in aktiv layihələrindən danışılıb. AMEA YTP-nin yerli və xarici qurumlarla əməkdaşlıqları, təşkil edilən görüş, tədbir, təlim proqramları və seminarlar barədə məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb. Hesabatda, həmçinin AMEA Rəyasət Heyətinin 22 sentyabr 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrində verilmiş tapşırıqların icrası, həmçinin ölkədə bilik iqtisadiyyatı və insan kapitalının davamlı inkişafını rəhbər tutaraq görülən işlərə toxunulub. Sonra AMEA Yüksək Texnologiyalar Parkının idarəedici təşkilatının və rezidentlərinin hesabatları təqdim edilib.


23.10.2017