Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi açıldı

Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkında Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılış mərasimi baş tutub. “Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi” Beynəlxalq texnologiyaların köçürülməsi, birgə yüksək texnologiyalı məhsulların yaradılması və təşviqi sahəsində əməkdaşlıq məqsədi ilə yaradılıb. Mərkəzin yaradılmasında əsas hədəf Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında yüksək texnologiyalar sahəsinin birgə inkişaf etdirilməsidir.
Mərkəzin açılış mərasimində AMEA YT Parkın rəhbərliyi, Çin-Rus İnnovasiya Texnoparkının rəhbərliyi, Çin iş adamları və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından nümayəndələr iştirak edib. Tədbirdə Çin-Rusiya İnnovasiya Texnoparkının baş direktoru Çjan Jençjuna yeni texnologiyalar sahəsində Çin-Rusiya regionu üzrə ilk hökumətlərarası və dövlətlərarası təşkilat olan texnoparkın post-sovet ölkələri ilə böyük əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirib. Qeyd edib ki, texnoparkın ərazisində yeni materialların hazırlanması, biofarmasevtik, elektron və mexaniki sistemlərin inteqrasiyası, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 350 rezident fəaliyyət göstərir. Yeni yaradılan mərkəz Azərbaycan və Çin arasında beynəlxalq əməkadaşlığa yeni töhvələr verəcək, Azərbaycanda innovasiya ekosisteminin qurulmasıni sürətləndirəcəkdir. AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev milli innovasiya sistemini genişləndirmək üçün uğurlu layihələrin həyata keçirilməsinin və bu sahəyə investisiya axınının gücləndirilməsinin zəruriliyini vurğulayıb. Texnologiyaların ticarətində elmin inkişaf etdirilməsi, yeni və yüksək texnologiyaların təşviq edilməsi, birgə laboratoriyaların yaradılmasına böyük təkan verəcək. Qeyd edib ki, elm, texnologiya və innovasiya vasitəsilə milli iqtisadi inkişafa töhfə vermək məqsədilə beynəlxalq əlaqələrin genişlənməsi innovasiya siyasətinin həyata keçirilməsi üçün infrastrukturun yaradılmasında mühüm rol oynayır. Görüş zamanı AMEA YT Park ilə Çin-Rusiya İnnovasiya Texnoparkı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən tərəflər birgə elmi-texniki proqramlar, innovativ layihələr həyata keçirəcək, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsi aparacaqlar.
Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi səfər çərçivəsində Bakıda bir sıra görüşlər də həyata keçirəcəkdir.


20.11.2017