AMEA YT Parkında “Pərsiz hərəkətedici” layihəsinin təqdimat mərasimi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiylar Parkının Texnologiyaların Transferi şöbəsinin eksperti Emin Hacıyevin “Pərsiz hərəkətedici” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA-nın İnstitutlarının, Azərbaycan Neft və Sənaye Universitetinin, Turbo Baku şirkətinin, R.İ.S.K. Şirkətinin nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Texnologiyaların Transferi şöbəsinin müdiri Zaur Əhmədzadə qonaqları salamlayıb. İlk olaraq layihə haqqında qısa məlumat verərək, layihənin əhəmiyyəti barəsində danışmışdır. Elmi, innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması kimi funksiyaları həyata keçirən AMEA YT Parkın təqdim olunan uğurlu layihəyə dəstək verməsini vurğulayıb.Sonra layihənin müəllifi AMEA YT Parkın eksperti Emin Hacıyev “Pərsiz hərəkətedici” layihəsi barəsində ətraflı məlumat verərək, “Pərsiz hərəkətedici” layihəsinin məqsədi əsaslı olaraq yüksək çevrici əmsalına, effektivliyə və etibarlığa malik olan hərəkətedici yaratmaq olduğunu qeyd etmişdir. “Pərsiz hərəkətedici” işlədiyi zaman kavitasiya yaratmadan, su və hava gəmilərində, kulerlərdə, fanlarda, pompalarda və digər sahələrdə geniş istifadə oluna bildiyini qonaqlarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən AMEA Geologiya və Geofizika İnstitutunun Professoru Fuad Hacızadə qonaqları salamlayaraq layihənin əhəmiyyətini vurğulayıb. AMEA YT Parkda çalışan alimlərin mövcud layihələrdə iştirakını yüksək qiymətləndirib. Emin Hacıyevi təbrik edərək, layihənin böyük uğur qazanacağına inandığını bildirib.
Sonra çıxış edən R.İ.S.K. Şirkətinin Texniki Direktoru Ziya Məmmədov layihəni dünyada olan hərəkətedicilərlə müqayisə edərək, yeni ixtiranın effektliyindən, innovativliyindən bəhs edib.
AMEA YT Parkın direktoru Vüqar Babayev çıxışında layihənin uğurundan danışaraq, AMEA YT Parkda fəaliyyət göstərən rezidentlərindən söz açmışdır.
Sonda layihə ilə bağlı suallar cavablandırılıb.


01.12.2017