AMEA YT Parkında “Yeni Quyu Ştank Nasosu-44mm ” layihəsinin təqdimat mərasimi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının Texnologiyaların Transferi şöbəsinin aparıcı eksperti Mahmud Əfəndiyevin “Yeni Quyu Ştank Nasosu-44mm” layihəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə AMEA-nın İnstitutlarının, “EPC Group”-un, “Az-Neft” istehsalat birliyinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Texnologiyaların Transferi şöbəsinin müdiri Zaur Əhmədzadə qonaqları salamlayıb. İlk olaraq layihə haqqında qısa məlumat verərək, layihənin əhəmiyyəti barəsində danışmışdır. Elmi, innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması kimi funksiyaları həyata keçirən "YT Park"ın təqdim olunan uğurlu layihəyə dəstək verməsini vurğulayıb.

Sonra layihənin müəllifi AMEA YT Parkın aparıcı eksperti Mahmud Əfəndiyev tədbirdə iştirak edən qonaqlara “Yeni Quyu Ştank Nasosu-44mm” layihəsi barəsində ətraflı məlumat vermişdir. Qonaqların diqqətinə çatdıraraq, “Yeni Quyu Ştank Nasosu-44mm” layihəsinin möhkəmliyi və səmərəliyinə görə onu yeni nəsil innovativ nasos adlandırmışdır. Mahmud Əfəndiyev həmçinin  AMEA YT Parkda çalışan alimlərin mövcud layihələrindən söz açıb. “EPC Group” haqqında məlumat verərək, onların AMEA  YT Parkında gördüyü işlərdən, şirkətlə AMEA YT Park arasında  mövcud olan əməkdaşlıqdan danışıb.

Çıxış edən Mədət Nəsirov bu layihəyə öz töhfələrini verəcəyinə əminliyini ifadə edərək  mövcud nasosla “Yeni Quyu Ştank Nasosu-44mm” nasosunu müqayisə etmişdir. Nasos işlədiyi zaman Plunjer (manjet) ilə silindir arasında sıxılma yarandığı üçün sürütmə əmələ gəlir.Bu isə nasosun qısa müddətdə sıradan çıxmasına səbəb olaraq, yeni nasosla əvəz edilməsinə məcburiyyət yaradır. “Yeni Quyu Ştank Nasosu-44mm” isə bütün nasos təmir edilmir, sadəcə Plunjer (manjet) təmir olunur. Beləliklə nasoslar dəyişilmir, hər quyu üzrə gəlirin artmasına neftin daha az maliyyətlə çıxarılmasına gətirib çıxarır. Həmçinin, Mədət Nəsirov layihə təcrübədən keçirilərək istehsala verilməsini nəzərdə tutulduğunu qonaqların diqqətinə çatdırıb.

Sonda layihə ilə bağlı suallar cavablandırılıb.


04.12.2017