AMEA YT Parkı və Almaniyanın Karlsrue Texnologiya Universiteti birgə layihənin həyata keçirilməsində PUA-ların (Pilotsuz uçan aparatlar) istifadəsi planlaşdırılır.

Almaniyanın Karlsrue Texnologiya Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı və AMEA Geologiya və Geofizika İnstitutu “Palçıq vulkanlarının torpaq və yeraltı suyunun keyfiyyətinə təsiri” adlı layihəni birgə həyata keçirir.

Müasir dövrdə təbiətə atılan tullantıların səbəb olduğu ekoloji çirklənmənin qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirilir. Bu baxımdan vulkanların təbiətdə törətdiyi fəsadları xüsusi qeyd etmək olar. Bu məqsədlə Abşeron yarımadasının bir sıra palçıq vulkanlarının problemlərinin daha ətraflı öyrənilməsi üçün geoloji və geokimyəvi tədqiqatlar aparılır. Azərbaycanda palçıq vulkanlarının yaxınlığında karbohidrogenlər və qazlar ətraf çirkləndiriciləri kimi çıxış edirlər, həmçinin səthə yayılan çirkləndiricilər yeraltı suya qarışaraq ətraf ərazilərdə torpaqları yararsız hala salır.

Məhz bu problemləri aradan qaldırmaq üçün palçıq vulkanlarının ətraf mühiti çirkləndirməsinə dair müzakirələr aparılıb. Layihə çərçivəsində müasir və yeni innovativ məhsullardan istifadə edilməsi nəzərdə tutulub, layihənin həyata keçirilməsində PUA-ların (Pilotsuz uçan aparatlar) istifadə olunacaq. Layihədə həm Azərbaycan, həm də Alman tədqiqatçıları mövzu ətrafında işləyəcək və istifadə olunan metodların düzgünlüyünü qiymətləndirəcəklər.


13.12.2017