EaP PLUS layihəsinin nümayəndələri ilə AMEA YT Parkında görüş keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyası HORİZON-2020 proqramının “Şərq Tərəfdaşlığı (EaP)” üzrə EaP PLUS və BSH layihələrinin üzvü olaraq elm siyasəti üzrə layihələrdə fəal iştirak edir.

Avropa Komissiyasının tanınmış HORİZON-2020 proqramı Avropa ölkələrində Elm, Texnologiya və İnnovasiyalar səhəsində elmi-tədqiqatları dəstəkləməklə yanaşı, region ölkələrində Elm, Texnologiya və İnnovasiyalar üzrə vəziyyəti də müəyyənləşdirir, tövsiyələr hazırlayır, konsultativ addımlar həyata keçirir. Bu məqsədlə, ölkələrdə görüşlər təşkil olunur. Əlaqəli qurumların fəaliyyəti ilə tanışlıq baş tutur. EaP PLUS layihəsi çərçivəsində 2 nəfərlik nümayəndə heyəti Bakıya səfərə gəlib. Səfər zamanı Azərbaycanda elm, texnologiya və innovasiyalar sahəsində vəziyyətlə yaxından tanış olmaq məqsədi ilə EaP PLUS layihəsinin nümayəndələri ilə AMEA YT Parkında görüş keçirilib.

 Görüş zamanı Texnoparkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait, potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilib. Daha sonra AMEA-nın Təcrübə-Sənaye Zavodu və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Qonaqlar AMEA YT Parkın mərkəzləşdirilmiş analitik laboratoriyası, pilotsuz uçan aparatların istehsal sahələri və radio ekoloji monitorinq sistemi ilə də tanış olublar. AMEA YT Parkın direktor müavini Elxan Bayramov ölkəmizdə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, bu sahədə həyata keçirilən layihələr elmtutumlu iqtisadiyyatın inkişafına təkan verir və innovasiya, yüksək texnologiyaların istehsalata tətbiqini genişləndirir.

Səfər çərçivəsində nümayəndə heyəti Bakıda bir sıra dövlət qurumları ilə görüşlər həyata keçirəcəkdir.


15.12.2017