AMEA-nın Fizika İnstitutunda almaniyalı alimlərlə görüş keçirilib

“EA-Plus” və “Horizon: 2020” proqramları çərçivəsində ölkəmizə səfər edən Almaniya Aerokosmik Mərkəzi Layihə Rəhbərliyi Agentliyinin əməkdaşı Jörn Grünevald və Elmi İnkişaf və Məlumat Mərkəzinin baş elmi işçisi Bela Kardon AMEA-nın Fizika İnstitutunda olublar.

Görüşün məqsədi Avropa dövlətləri ilə əməkdaşlıq istiqamətində görüləcək işlər haqqında azərbaycanlı alimlərin tövsiyələrini almaq olub.

İnstitutun direktoru, akademik Nazim Məmmədov qonaqlara Azərbaycanda elmin hazırki vəziyyəti, elm və tədqiqat sahəsində görülən işlər və yeniliklər barədə məlumat verib.

Daha sonra almaniyalı qonaqlar institutun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə tanış olublar.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov və innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov da iştirak ediblər.


18.12.2017