AMEA YT Park Kuboku uğrunda şahmat turnirinə start verildi

25 dekabr 2017-ci il tarixində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə AMEA YT Park Kuboku uğrunda şahmat turnirinə start verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana olan diqqət və qayğısı sayəsində ölkədə bütün idman növləri inkişaf etməkdədir. Özəlliklə şahmata olan marağı xüsusi qeyd etmək olar. Azərbaycanda mötəbər şahmat yarışlarının keçirilməsi ənənə halını almışdır və bugün ölkəmiz beynəlxalq şahmat yarışlarının təşkilatçılığı ilə bütün dünyada tanınır.

AMEA YT Park tərəfindən təşkil olunan turnirə, AMEA İnstitutularını təmsil edən əməkdaşlardan ibarət komandalar qatılıb. 4 gün davam edəcək yarışda iştirak üçün 32 əməkdaş qeydiyyatdan keçib. 28 dekabr 2017-ci il tarixində keçiriləcək final mərhələsində 1-ci, 2-ci, 3-cü, 4-cü yerlərin sahibləri fəxri fərmanla təltif olunaraq, mükafatlandırılacaqdır.

Açılış mərasimində çıxış edən AMEA YT Parkın direktoru Vüqar Babayev qonaqları salamlayaraq, yarışın maraqlı rəqabət şəraitində keçdiyini qeyd edib. Onun sözlərinə görə, AMEA tərəfindən ilk dəfədir ki, şahmat yarışı keçirilir. Vüqar Babayev yarışda iştirak edən AMEA-nın bütün İnstitut və təşkilatlarının əməkdaşlarını qarşıdan gələn Yeni İl və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik etmişdir.

Sonra, tədbirdə çıxış edən şahmat üzrə Beynəlxalq Hakim, AMEA Kataliz Qeyri-üzvi Kimya İnstitunun aparıcı elmi işcisi Namiq İsmayılov iştirakçılara uğurlar arzulayıb, Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş ulu öndərimiz Heydər Əliyevdən bəhs edərək, Prezident İlham Əliyevin də şahmatın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdırıb. Natiq, şahmatın maddi-texniki bazasının gücləndirilməsi, şahmatçılara göstərilən dövlət qayğısı və şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayının günü-gündən çoxalması barədə danışıb. AMEA YT Parkın təşkilatçılığı ilə keçirilən turnirin 2018-ci ildə də keçiriləcəyini qeyd edib. Tədbirin təşkili üçün AMEA əməkdaşlarına təşəkkürlərini bildirib.


25.12.2017