Çin yanğınların söndürülməsi üçün dron təqdim edib
Çinin xidməti təyinat üçün pilotsuz aerotaksi və dronlar istehsalçısı “Ehang” şirkəti yanğınsöndürmə üzrə BPLA EH216F dronunun texniki yoxlanışının müvəffəqiyyətlə tamamlanması haqqında məlumat verib.
3dnews.ru saytı xəbər verir ki, BPLA EH216F dronu çoxmərtəbəli binalarda və digər xilasedici əməliyyatlarda yanğınların söndürülməsi zamanı istifadə etmək üçün nəzərdə tutulub. BPLA şəhərlərdə küçə tıxacları zamanı yanğının baş verdiyi yerə tez zamanda çatmağa və ən pis nəticələrin qarşısını almağa qadirdir.
“Ehang” şirkəti yanğınların söndürülməsi üçün BPLA EH216F versiyasını keçən ilin yayında təqdim edib. Ötən il ərzində Çin ekspertləri EH216F-in yanğına qarşı avadanlıq adını alması üçün keyfiyyət və uyğunluğunun kompleks yoxlamasını həyata keçiriblər. Dron ümumilikdə 52 sınaqdan keçib.
Çin Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin nəticəsinə əsasən, EH216F dronu yanğına qarşı tədbirlərin icra edilməsi üçün yararlı hesab olunub.
Qeyd edək ki, EH216F dronu altı yanğına qarşı bomba və 150 litr odsöndürən köpüyü daşımaq imkanına malikdir. Bort kameraları yanğın mərkəzlərini dəqiq lokallaşdırmağa və çoxmərtəbəli binalarda istənilən hündürlükdə olan nöqtənin tez zamanda söndürülməsini həyata keçirməyə imkan verir.