İnsanların həyatını xilas edən kentavr-robot təqdim olunub
İtaliya Texnologiya İnstitutu və Bonn Universitetinin mütəxəssisləri fövqəladə vəziyyətlərdə insanların həyatını xilas etmək üçün "Centauro" kentavr-robotunu hazırlayıblar. Bundan öncəki "Momaro" robot-prototipi əsasında yaradılmış bu robotun hündürlüyü 1,5 metrə çatır, çəkisi 93 kiloqram təşkil edir.
Hi-news.ru saytının məlumatına görə, "Centauro" hərəkət üçün 4 ayaqdan istifadə edir. Hər ayağın sonunda təkər yerləşdirilib. Buna görə də, robot həm təkərlər, həm də 4 ayaq üzərində sərbəst hərəkət edə bilir. Bundan başqa, robota vəziyyətdən asılı olaraq müxtəlif tipli manipulyatorlar qoşmaq üçün 2 əl yerləşdirilib. Robot hərəkət üçün kameralarla, həmçinin dərinliyin qiymətləndirilməsi üçün “Microsoft Kinect” kamerası ilə təchiz edilib. Akkumulyator batareyaları 2,5 saat fasiləsiz iş üçün kifayət edir.
Robotun yeni versiyası tamamilə avtonom olmadığından "Centauro" operator tərəfindən məsafədən idarə olunur, lakin operatorla əlaqə itməsi zamanı robot müstəqil olaraq işini davam edə bilir.
İstehsalçıların bildirdiyinə görə, robot ayaqları sayəsində maneələrin öhdəsindən gəlməyi, həmçinin ağır predmetləri qaldırmağı asanlıqla bacarır. Bu isə axtarış-xilasetmə əməliyyatlarının aparılması zamanı olduqca vacibdir.