“Microsoft” kosmosa “SpaceX”lə birlikdə bulud texnologiyalarının göndəriləcəyini elan edib
"Microsoft" korporasiyası ABŞ-ın "SpaceX" şirkəti və qərargahı Lüksemburqda yerləşən ticarət peykləri operatoru SES SA ilə səylərini birləşdirib. Bu haqda "Microsoft"un saytında məlumat verilir.
"Microsoft" yeni birgə layihəsini "bulud hesablamalarının kosmosa növbəti nəhəng sıçrayışı" kimi xarakterizə edib.
"Kosmik cəmiyyətlərin sayı sürətlə artır, innovasiyalar ictimai və özəl təşkilatların kosmik sahəyə daxil olması yolunda mövcud baryerləri aradan qaldırır. Bizim hədəfimiz ondan ibarətdir ki, “Azure Space” platformasında kosmosdakı hesablamaları kənd təsərrüfatı, energetika, telekommunikasiyalar və idarəetmə kimi sahələr üçün daha əlçatan edək", - deyə korporasiyadan bildirilib.
İnnovasiyaların prioritet istiqamətlərini laboratoriya şəraitində kosmosa ekspedisiyaların gerçəkləşdirilməsi, peyklərdən daxil olan məlumatların analizi, eləcə də Yer kürəsində və onun orbitində inqilabi elmi kəşflərin stimullaşdırılması təşkil edir. Bildirilib ki, bütün bunlara “SpaceX”, “SES SA” və “Azure Space” (məhsuldar hesablamalar, maşın təlimi və məlumatların işlənməsi) resursları əsasında nail olmaq mümkündür.
Qeyd olunub ki, layihənin əsas məqsədi müxtəlif orbitlərdə yerləşdirilmiş və əlaqənin təmin olunması, genişzolaqlı internetə çıxış üçün nəzərdə tutulmuş, bulud serverlərdə hesablama resurslarını birləşdirən inteqrasiya olunmuş qorunan şəbəkə yaratmaqdan ibarətdir.
Mənbə: tass.ru