Malayziyalı mühəndislər ananas yarpaqlarından hazırlanmış dronları nümayiş etdiriblər
Müasir elektronikanın böyük hissəsi ətraf mühitə mənfi təsir göstərən plastik materiallardan hazırlanır. Bu səbəbdən malayziyalı mühəndislər pilotsuz təyyarələrin istehsalı üçün ananas yarpaqlarından əldə edilmiş ekoloji cəhətdən təmiz tullantılardan istifadəyə qərar veriblər.
4pda.ru saytı xəbər verir ki, malayziyalı tədqiqatçılar qrupu ananas yarpaqlarından əldə edilmiş tullantıları möhkəm materiala çevirməyə imkan verən işçi metodu nümayiş etdiriblər. Onların sözlərinə görə, əldə edilmiş liflər dronlar üçün ucuz komponentlər hazırlamağa çox uyğundur. Bundan başqa, gələcəkdə belə texnologiya aerokosmik sənayedə də tətbiq edilə bilər.
Mühəndislər iddia edir ki, biokompozit materialdan hazırlanmış dronlar sintetik liflərdən hazırlanmış analoqlarla müqayisədə daha möhkəmdir. Yeni materialın daha bir üstünlüyü onun ekoloji cəhətdən təmiz olmasıdır, bu isə istifadəyə yarasız hissələri daha asan utilizasiya etməyə imkan verəcək.
Sınaqdan uğurla keçirilən ilk prototiplər 1000 m-dək yüksəkliyə qalxaraq havada 20 dəqiqə qala bilir. Tədqiqatçılar dronların ölçüsünü, həmçinin daşıya biləcəyi yükü artırmağı planlaşdırırlar. Bu, onların tətbiq sahələrini genişləndirməyə, həmçinin avtonom iş müddətini artırmağa imkan verəcək.