Süni intellekt insanların qərar qəbul etməsinə təsir göstərə bilər
Avstraliya Dövlət Elmi və Tətbiqi Tədqiqatlar Birliyinin (CSIRO) “Data61” şirkətinin tədqiqatçıları Avstraliya Milli Universiteti və Almaniya ekspertləri ilə əməkdaşlıq çərçivəsində süni intellektin insan tərəfindən qərarların qəbul edilməsinə təsir göstərə bildiyini müəyyən ediblər.
securitylab.ru resursu yazır ki, tədqiqata iştirakçıların kompüterə qarşı oyun oynadığı üç eksperiment daxil olub. İlk iki testdə iştirakçılar saxta valyuta qazanmaq üçün qırmızı və ya göy xanaların üzərinə sıxmaqla keçid ediblər. Üçüncü eksperimentdə iştirakçılara saxta valyutanın investisiya qoyuluşu üzrə iki variant təklif olunub. Ssenaridə iştirakçılar sərmayədar, süni intellekt isə etibarlı idarəedici rolunu oynayıb.
Hər üç oyunu keçdikcə süni intellekt iştirakçıların son nəticədə oyunçuların müəyyən qərar qəbul etməsinə kömək edən seçim modelini öyrənib. Məsələn, artıq üçüncü oyunda süni intellekt iştirakçıları ona daha çox pul verməyə məcbur etməyi öyrənib.
Tədqiqatın nəticələrinə görə, süni intellekt insanların vərdişlərindən və davranış modellərindən istifadə edərək onların qərar qəbul etməsinə təsir göstərə bilər.
“Tədqiqat nəzəri olsa da, o, bizə insanların necə seçim etməsini daha yaxşı başa düşməyə imkan verib”, – deyə ekspertlər qeyd edib.