Azərbaycanın məhv edilmiş maddi mədəniyyət abidələrinə dair vebinar-konfrans keçiriləcək
25 dekabr 2020-ci il tarixində “Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində” mövzusunda vebinar-konfrans keçiriləcək.
COVID-19 pandemiya səbəbindən “Zoom” platforması üzərindən baş tutacaq konfransa aşağıdakı istiqamətlər üzrə tezislərin qəbulu həyata keçiriləcək:
· İrəvan və ətraf rayon, şəhər, kənd yerlərində Azərbaycanın maddi-mədəniyyət abidələri;
· İrəvan xanlarının saray kitabxanaları, alim və üləmaların, görkəmli şəxsiyyətlərin şəxsi kitabxanaları, muzeyləri;
· Qarabağ və ətraf ərazilərin işğalı nəticəsində talanmış, məhv edilmiş kitabxana və muzeylər;
· Qarabağa və onun şəhər, qəsəbə, kəndlərinə həsr olunmuş biblioqrafik kitablar, kitabxanalarda keçirilmiş sərgilər, tədbirlər və s. (Ümumi və ya müxtəlif kitabxanaların nümunəsi əsasında);
· Mövzuya həsr olunmuş elmi seminar, konfrans, simpoziumlar və s. haqqında məlumatlar;
· Azərbaycana məxsus antik əşyaların, qiymətli materialların dünya hərracına çıxarılması;
· Beynəlxalq hüquq və qanunların pozulması və işğalçı dövlətin məsuliyyətə cəlb olunması (Haaqa konvensiyası, YUNESKO-nun maddi-mədəni irsin qorunması haqqında aktları və s.) Konfransa tezislər 10 dekabr 2020-ci il tarixinədək This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına göndərilməlidir.
Tezislərin tərtibatı zamanı səhifənin yuxarı sağ küncündə 11 şriftlə (Times New Roman) müəllifin adı, soyadı, atasının adı, işlədiyi və ya təmsil etdiyi qurumun adı, əlaqə nömrəsi, elektron poçt ünvanı ardıcıllıqla yazılmalı, orta hissədə 12 şriftlə, qalın, böyük hərflərlə tezisin adı qeyd olunmalı, aşağıda sol tərəfdə kursivlə 3 dildə (azərbaycan, rus, ingilis) açar sözlər verilməlidir. Tezis 12 şriftlə (Times New Roman) yazılmalı, 1-3 səhifə həcmində olmalı, ədəbiyyat siyahısı əlifba sırası ilə təqdim olunmalıdır.
Qeyd edək ki, konfransda iştirak sərbəstdir. Məruzə etməyən, tezis göndərməyən şəxslər də vebinarda iştirak edə, sual verə, təkliflərini səsləndirə bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.