“BP” şirkəti “InnoWeek - İnnovasiya Həftəsi” tədbirini dəstəkləyir
14-19 dekabr 2020-ci il tarixlərində Azərbaycanda keçirilən “InnoWeek - İnnovasiya Həftəsi” tədbirinin sponsoru “BP” şirkəti bu tədbirin çərçivəsində baş tutan “World Net Summit” beynəlxalq konfransını artıq 2-ci dəfədir dəstəkləyir. Layihənin məqsədi ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsidir.
“BP” bu sponsorluğu təhsilin inkişafına, bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə o cümlədən, innovativ düşünəcək, gələcəyin texnologiyalarına doğru fəaliyyəti istiqamətləndirəcək və ölkədəki texnoloji inkişaf və yeniliklərə töhfə verəcək yeni nəsil mütəxəssislərin yetişdirilməsi səylərinə dəstəyi çərçivəsində həyata keçirir.
Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı və ölkədə fəaliyyət göstərən ən böyük investorlardan biri kimi “BP” çox sayda iri sosial investisiya layihələrinə dəstək verir. Təkcə bu ilin birinci üç rübü ərzində şirkət müxtəlif sosial layihələr vasitəsilə ölkəyə 4,1 milyon ABŞ dollarından çox sərmayə qoyub.
Buraya COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün ölkədə aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə “BP” 3 milyon ABŞ dolları həcmində töhfəsi də daxildir.
Bu dəstəyin məqsədi ölkədə COVID-19 hallarının effektiv diaqnozu və müalicəsi imkanlarını artırmağa və ümumilikdə ölkənin səhiyyə xidmətlərini gücləndirməyə yardım etməkdir. Bundan əlavə, ölkəyə “BP”nin Azərbaycandakı əməkdaşları tərəfindən eyni məqsədlər üçün 100000 AZN-dən çox vəsait və “BP” Türkiyə tərəfindən TƏBİB-in təcili yardım maşınları üçün nəzərdə tutulmuş 10000 ABŞ dolları dəyərində “Castrol” sürtkü yağları da bağışlanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.