“İnnovasiya həftəsi” çərçivəsində “DevopsDays Baku” tədbiri təşkil olunub
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində növbəti “DevopsDays Baku” – Bakıda proqramçılar və sistem administratorları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq nəticəsində yaradılan tətbiqi proqramların hazırlanması prosesi günləri” onlayn tədbiri keçirilib.
“DevopsDays” proqram təminatı, IT infrastruktur əməliyyatları və bu sahələri əhatə edən mövzuları özündə əks etdirən dünya miqyaslı texniki konfransdır.
Azərbaycanda ikinci dəfə keçirilən tədbirdə həm texniki, həm də qeyri-texniki mövzulara, o cümlədən proqram təminatının inkişafı, IT infrastrukturun ən aktual məsələlərinə toxunulub, yerli və xarici spikerlər tərəfindən bilik və təcrübə mübadiləsi aparılıb.
ABŞ, Peru, Türkiyə, Niderland və digər ölkələrdən spikerlər “Uber”, “Amazon” və “Google” kimi şirkətlərdə qazandıqları təcrübələri haqqında iştirakçılara məlumat veriblər.
Qeyd edək ki, bu il COVID-19 pandemiyası səbəbindən onlayn rejimdə keçirilən beynəlxalq tədbir ilk dəfə 2009-cu ildə Belçikanın Gent şəhərində təşkil olunub. Azərbaycanda isə “DevopsDays” 2019-cu ildən keçirilir. Həm yerli, həm də xarici spikerlərin çıxış etdiyi tədbirin təşkilatçıları “SUP.VC” Akselerasiya Mərkəzi və “PAŞA Bank” olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.