“Azərbaycan İnnovasiya Mükafatı”nın sahibləri məlum olub
“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “Azərbaycan İnnovasiya Mükafatı”nın sahibləri elan olunub.
Ötən il 5 nominasiya üzrə müəyyən edilən qaliblər bu dəfə ümumilikdə 7 nominasiya üzrə mükafatlandırılıb.
“İlin startapı” nominasiyasında onlayn satış platformaları üçün həll təqdim edən “NextSale” startapı Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tərəfindən elan olunub. “İlin influenseri” nominasiyasında texnologiya sahəsi üzrə tanınan bloger Tariyel Ağazadə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tərəfindən təltif edilib. “İlin innovasiya tədbiri” nominasiyasında koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən virtual hackathon “HackCov19” İnnovasiya Mükafatı Təşkilat Komitəsinin sədri İmran Bağırov tərəfindən açıqlanıb.
“İlin innovasiya layihəsi” nominasiyasında “ƏDV geri al” layihəsi “Innoland” İnkubasiya və akselerasiya mərkəzinin direktoru Məmməd Kərim tərəfindən elan olunub. “İlin innovasiya ekosistem təmsilçisi” “SUP.vc” Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tərəfindən mükafatlandırılıb.
“COVID-19 üzrə aparıcı həll təqdimatçısı” nominasiyasında süni tənəffüs aparatı hazırlayan “SUMAKS” startapı təltif edilib. Münsiflər heyətinin sərbəst seçimi ilə müəyyən olunan “İlin innovasiya ekosistem dəstəkçisi” nominasiyasında “Paşa Holdinq” qalib olub.
Qeyd edək ki, 2-ci dəfədir keçirilən “Azərbaycan İnnovasiya Mükafatı” 2019-cu ildə təsis olunub. Azərbaycanın “İnnovativ Azərbaycan” devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olması üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə yaradılan mükafatlandırma proqramıdır.
“Azərbaycan İnnovasiya Mükafatı” ictimai əsaslı mükafatdır və təşkilat komitəsi ölkədə texnologiya və innovasiyanın icrası strategiyasının öhdəliyini daşıyan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təyin olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.