20 Yanvar – Azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu
Hər birimizin yaddaşına əbədi olaraq həkk olunmuş, müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq səhifəsi – 1990-cı ilin 20 Yanvar hadisəsindən 32 il ötür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.
Qanlı yanvar hadisəsindən dərhal sonra, 1991-ci il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev ilk dəfə bu faciəyə siyasi qiymət verib. O, həmin gün verdiyi bəyanatda Azərbaycan xalqına qarşı törədilən bu qəddar cinayətə görə faciəni törədən şəxsləri, əsasən də M.Qorbaçovu kəskin şəkildə ittiham edərək, qaniçən ordunun təcili surətdə Bakıdan çıxarılmasını tələb edib. 1993-cü ilin oktyabrında ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu hadisəyə hüquqi qiymət verilməsinə də nail olub.
Vətənin qorunması, müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 131 insan qətlə yetirilmiş, 744-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Qanlı Yanvar hadisələri zamanı, həmçinin elmimizin parlaq nümayəndələrindən olan professorlar - İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədova şəhid olmuş, digər alimlər İdris Əhmədov və Parlaq Məmmədova ağır yaralanmışdır. Xalqımız igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir.
Bu gün ölkəmizdə 20 Yanvar şəhidləri ailələrinin və yaralılarının qayğıları daim diqqət mərkəzində saxlanılır. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin fərmanlarına əsasən, Azərbaycanda şəhid ailələrinin sosial təminatı yaxşılaşdırılır, onlara dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir, 20 Yanvar şəhidlərinin ailələrinə humanitar yardımlar edilir.
Bununla yanaşı, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın qələbə əzmi və Müzəffər Ordumuzun döyüş meydanında göstərdiyi rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi ilə həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alınmış, ərazi bütövlüyümüzün təmin olunması şəhidlərimizin qanının hədər getmədiyini sübuta yetirmişdir. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparılır, milli iqtisadiyyata sürətli inteqrasiya təmin edilir. 30 ilə yaxın düşmən əsarətində qalan və erməni vandalizmindən əziyyət çəkən torpaqlarımızda nəhəng infrastruktur layihələri uğurla icra olunur.
Dövlət siyasətinə hər zaman dəstək verən bir qurum kimi, AMEA-nın Yüksək Texnologiyalar Parkının da azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində, bir sıra texnoloji layihələrin icrasında yaxından iştirakı nəzərdə tutulur. Bu məqsədlə Texnoparkın rezidentləri tərəfindən bir sıra innovativ istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.
AMEA Yüksək Texnologiyalar Parkının Biznesin inkişafı və rezidentlərlə iş şöbəsinin müdiri Alim Yusubov
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.