YT Parkın rezidenti “Təcrübə-Sənaye Zavodu” MMC-nin həmmüəllifi olduğu kompleks elmi-texniki iş “Dövlət Mükafatı”na təqdim olunub
AMEA Aşqarlar Kimyası İnstitutu və AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Təcrübə-Sənaye Zavodu” MMC-nin əməkdaşları tərəfindən işlənilmiş “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı kompleks elmi-texniki iş texnika sahəsi üzrə Azərbaycan Respublikasının “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı”na təqdim olunub.
Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin martın 11-də keçirilən iclasında qəbul edilib.
Son bir neçə ildir ki, hər iki qurum respublikanın müdafiə qüdrətinin yüksəldilməsi istiqamətində birgə fəaliyyət göstərir. Aparılmış birgə elmi tədqiqat və tətbiqi işlərin nəticəsində itiyerişli yerüstü texnikanın yüksək gücləndirilmiş dizel mühərrikləri üçün xüsusi təyinatlı motor yağları yaradılmış və istehsalı təşkil edilmişdir.
Yaradılmış motor yağı həm xaricdə həmdə daxildə xüsusi təyinatlı müəssisələrdə müvafiq mühərriklərdə stend sınaqlardan uğurla keçmiş və yeni nəsil yüksək gücləndirilmiş xüsusi təyinatlı dizel mühərriklərində istifadə üçün təklif olunmuşdur.
Yaradılmış xüsusi təyinatlı motor yağına “Məxfi” qriflə Azərbaycan patenti alınmışdır.
Qeyd olunanaları nəzərə alaraq AMEA-nın Rəyasət Heyəti ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi və iqtisadi inkişafı baxımından böyük üstünlüklərə malik “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” ilə bağlı elmi işi yüksək qiymətləndirmişdir. Rəyasət Heyəti həmin kompleks elmi-texniki işin yerinə yetirilməsində iştirak edən müəlliflər kollektivinin 2022-ci il üçün texnika sahəsi üzrə Azərbaycan Respublikasının “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı”na təqdim olunmasını məqsəduyğun saymışdır.
Məlumat üçün bildirək ki, təqdim olunan iş Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyevin rəhbərliyi ilə, İnstitutun laboratoriya müdiri, tex.e.d., professor Həqiqət Cavadova, icraçı direktoru, k.e.d., dosent Əfsun Sucayev, AMEA Yüksək Texnologiyalar Parkı və “Təcrübə-Sənaye Zavodu” MMC-nin baş direktoru, i.ü.f.d. Vasif Abbasov və Zavodun icraçı direktoru, k.ü.f.d. Səxavət Rüstəmov tərəfindən yerinə yetirilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.