Təcrübə-Sənaye Zavodu yüksək keyfiyyətə malik ümumi təyinatlı sənaye yağlarının istehsalçısıdır
AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda ümumi təyinatlı “И-12A”, “И-20А”, “И-30А”, “И-40А” və “И-50А” sənaye yağları istehsal olunur.
Aşqarsız yağlar olan və kiçik mexanizmlərdə hidravlik yağların xüsusiyyətlərini daşıyan bu sənaye yağlarından dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında, həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə edilir. Sənaye yağları sürtünmə və korroziyaya qarşı xüsusi tələbləri olmayan mexanizmlər üçün nəzərdə tutulub.
Dünyanın aparıcı sement təchizatçılarından olan “LafargeHolcim Qrup”un bir hissəsi olan “Holcim Azərbaycan” şirkəti, eləcə də “Azərbaycan Dəmir Yolları” QSC və digər müəssisələrdə Təcrübə-Sənaye Zavodunun istehsalı olan sənaye yağlarından geniş istifadə olunur.
Yüksək keyfiyyətə malik, müasir tələblərə cavab verən sənaye yağları istehsalçısı olan Təcrübə-Sənaye Zavodunda hazırda bu yağların xarici ölkələrə ixracı ilə bağlı təkliflər nəzərdən keçirilir.
Gələcəkdə zavod tərəfindən yerli fabriklərin cihaz və mexanizmləri üçün xüsusi təyinatlı sənaye yağlarının istehsalı planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.