AMEA Yüksək Texnologiyalar Parkı beynəlxalq şirkətlə əməkdaşlığa başlayır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) dünyada mövcud innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, innovativ təşəbbüslərin kommersiyalaşdırılması layihələrinə hər zaman dəstək verir. AMEA-da bu kimi innovasiyayönümlü tədqiqat və tətbiqi işlərə xüsusi əhəmiyyət verilir, bu istiqamətlərdə görülən işlər yüksək qiymətləndirilir.
AMEA Yüksək Texnologiyalar Parkının Strateji Elmi Analitik Sınaq Mərkəzində qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elemetlərin sınaqları, eləcə də digər eksperimentlər həyata keçirilir. Müasir tələblərə cavab verən və ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş bu laboratoriyanın fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə mütəmadi olaraq işlər görülür.
Bu məqsədlə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC ilə “İntertek Azeri LTD” MMC arasında Texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin imkanlarından birgə istifadə etməklə təcrübə-test-sınaq işlərinin təşkilini həyata keçirməyi nəzərdə tutan əməkdaşlığa dair müqavilə imzalanıb.
Dünya miqyasında sənaye üçün aparıcı keyfiyyət təminatçısı olan “İntertek” şirkəti 100-dən çox ölkədə 1000-dən çox laboratoriya və ofisdən, eləcə də 46.000-dən çox əməkdaşdan ibarət şəbəkəni əhatə edir. Şirkət innovativ və sifariş əsaslı zəmanət, test, yoxlama və sertifikatlaşdırma həlləri təqdim edir.
Şirkətin ölkəmizdəki nümayəndəliyi “İntertek Azeri LTD” MMC 1997-ci ildən laboratoriya, sertifikasiya və inspeksiya sahələri üzrə aparıcı müəssisələrdən biri olmaqla, neft, kimya, dağ mədən, su və qida, turizm, dəniz və hava nəqliyyatı və digər sahələr üzrə xidmət göstərir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.