“Elm” qəzetində Yüksək Texnologiyalar Parkının istismar proqramı layihəsi üzrə keçirilən ilk onlayn görüş haqqında material dərc olunub
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 1 aprel 2022-ci il tarixli 10-cu sayında “Azərbaycanda AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi üzrə martın 29-da keçirilən ilk onlayn görüş haqqında material dərc olunub.
Materialda qeyd olunub ki, Azərbaycan tərəfindən 6 yerli ekspert və 22 nəfərdən ibarət benefisiar qrup, Koreya tərəfindən isə 2 nəfər layihə meneceri və koordinator, eləcə də 12 nəfər məsləhətçinin iştirak etdiyi tədbirdə layihənin icrasının Yüksək Texnologiyalar Parkı üçün innovativ həllər təqdim etdiyi vurğulanıb.
Bildirilib ki, bu layihə Yüksək Texnologiyalar Parkının (YT Park) əməliyyat potensialını və rəqabət qabiliyyətini əsas təlim proqramları vasitəsilə gücləndirməyi, ölkədə innovativ iqtisadi ekosistemin formalaşdırılmasına və inkişafına dəstək verməyi, həmçinin əməliyyat təcrübəsini artırmağı hədəfləyir. Layihənin nəticələrinə əsasən, Yüksək Texnologiyalar Parkı ilə STEPI-nin uğurlu fəaliyyəti nəticəsində hazırlanmış strateji planın və yol xəritəsinin davamı olaraq, texnologiyaların transferi-kommersiyalaşdırılma və startap-inkubasiya əməliyyat proqramları üzrə xidmətlər təklif ediləcək.
Materialda, həmçinin Koreya Respublikasının tanınmış ekspertlərinin və yerli məsləhətçilərin həyata keçirdiyi təlimlər və bacarıqların artırılması üçün tətbiq olunan digər metodların YT Park və benefisiar qrupda təmsil olunan digər təşkilatların nümayəndələrinin inkişafında mühüm təsirlərə malik olacağı qeyd olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.