Yüksək Texnologiyalar Parkının rezidenti tərəfindən istehsal olunan dronlar torpaqlarımızın minalardan təmizlənməsi işinə töhfə verəcək
Yüksək Texnologiyalar Parkının rezidenti tərəfindən istehsal olunan dronlar torpaqlarımızın minalardan təmizlənməsi işinə töhfə verəcək
“İctimai TV”nin “Xəbərlər” buraxılışında AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Azeltech” şirkətinin gənc mütəxəssisləri tərəfindən hazırlanan və istehsal olunan dronlar haqqında videosujet yayımlanıb.
Sujetdə bildirilib ki, bu dronların 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın minalardan təmizlənməsi işinə töhfə verəcək. Dronlar vasitəsilə ərazi skan ediləcək və minalar müəyyən olunacaq.
Şirkətin elektronika mühəndisi Namiq Heydərov qeyd edib ki, müəyyən hündürlükdən hədəflərin yerini təyin edən və koordinatlarını ötürən milli dronlar əsasən artilleriyada istifadə olunur. Bu dronlar bir sıra xüsusiyyətlərinə görə fərqlənir: “2-3 kq çəkiyə malik olan və rəngi səmadan seçilməyən bu dronlar düşməndən asanlıqla gizlənə, hətta 1 kq-a qədər partlayıcı maddə də daşıya bilər”.
Yerli istehsal məhsulu olan dronun üstünlüklərindən danışan N.Heydərov proqramı hazır yazılmış dronlardan fərqli olaraq yerli mütəxəssislər tərəfindən yazılmış dronların zərərsizləşdirilməsi üçün illərlə vaxt tələb olunduğunu diqqətə çatdırıb.
Hazırda dronun proqramının daha da təkmilləşdirildiyini söyləyən mütəxəssis qurğunun artıq bir sıra maneələri aşmaqda bacarıqlı olduğunu vurğulayıb.
Gələcəkdə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində bu dronlardan istifadə olunması planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.