AMEA Yüksək Texnologiyalar Parkı əməkdaşlarının COVID-19 pasportları yoxlanılır
Məlum olduğu kimi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi son dəyişikliyə əsasən sentyabr ayının 1-dən dövlət qurumlarının əməkdaşlarının azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd vurdurması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.
Bu məqsədlə AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) əməkdaşların vaksinasiya edilməsinə və immunitet sertifikatının olmasına nəzarət üçün COVID-19 pasportları yoxlanılır. Yoxlamalar nəticəsində məlum olub ki, işçilərin əksəriyyəti koronavirus əleyhinə hər iki doza vaksinasiya olunub, az qismi isə yalnız 1-ci dozanı alıb.
Qeyd edək ki, YT Parkda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə mütəmadi olaraq tibbi-profilaktik və dezinfeksiya işləri həyata keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.