6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günüdür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq 6 dekabr tarixi rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ölkəmizdə rabitənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərmiş, rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirmişdir. Ölkə iqtisadiyyatında ilk xarici investisiyaların məhz telekommunikasiya sahəsinə qoyulması da Heydər Əliyevin uğurlu strategiyasının nəticəsi idi.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin yüksək texnoloji tutumlu və rəqabət qabiliyyətli iqtisadiyyatın qurulmasına yönələn siyasəti nəticəsində Azərbaycan İKT-nin rolunun genişləndiyi, modern telekommunikasiya infrastrukturunun qurulduğu bir ölkəyə çevrilib.
Dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda prioritet sahə olmaqla, daim dövlət qayğısı ilə əhatə edilib. Hazırda ölkədə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, bu sahənin inkişafı ilə bağlı milli strategiyalar, strategi yol xəritələri, dövlət proqramları, qanunvericilik aktları qəbul edilir.
Hazırda Azərbaycanının dövlət müəssisələrində, elm və təhsil sistemində, istehsal və xidmət sferalarında kompüterləşmə və İnternet təminatı səviyyəsi çox yüksəkdir. Bu göstəricilərə görə ölkəmiz dünyada yüksək yerlədən birini tutur.
Həmçinin kosmik sənayenin formalaşdırılması, biliklər iqtisadiyyatının əsasını təşkil edən yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi sahəsində də mühüm addımlar atılıb. O cümlədən yüksək texnologiyalar üzrə müxtəlif profilli parklar yaradılıb və müvafiq investisiyalar cəlb edilib.
Azərbaycanın telekommunikasiya peyklərinin orbitə buraxılması, ölkəmizdə kosmik sənayenin formalaşdırılması dövlət başçısının güclü siyasi iradəsindən, uzagörənliyindən və yüksək iqtisadi potensialdan xəbər verir.
Bu gün yüksək texnologiyalar sahəsi üzrə fəaliyyət göstərən hər bir şəxs ölkəmizdə bu sahənin inkişafı üçün çalışır. Bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzu edirik. Rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edirik!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.