Yüksək Texnologiyalar Parkının direktoru STEPI-nin yeni seçilən prezidentinə təbrik məktubu ünvanlayıb
AMEA Yüksək Texnologiyalar Parkının (YTP) direktoru Vasif Abbasov xanım Mi Ok Muna STEPI-nin prezidenti seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
V.Abbasov texnoparkın etibarlı tərəfdaşı olan STEPI ilə ikitərəfli əməkdaşlığının xanım Mi Ok Munun dövründə daha da genişlənəcəyinə, təcrübə mübadiləsi, bacarıqların artırılması baxımından xüsusilə Azərbaycanlı mütəxəssislər üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.
Məktubda bildirilir ki, AMEA YTP ilə STEPI arasında əməkdaşlıq 2018-ci ildən davam edir. Bu əməkdaşlıq 2019-2020-ci illərdə icra edilən layihə çərçivəsində AMEA-nın strateji planının hazılrlanması ilə daha da güclənmiş və yeni mərhələyə qədəm qoymuşdur. Koreyalı və azərbaycanlı ekspertlərin birgə çalışdığı layihə üzrə yekun hesabat hazırlanmış və təqdim edilmişdir: “Hesabatın azərbaycanlı mütəxəssislər tərəfindən maraqla qarşılanacağını nəzərə alaraq, Azərbaycan dilində nəşr edilməsinə verəcəyiniz dəstəyə görə təşəkkür edirik. İnanırıq ki, gələcək layihələrimiz Azərbaycanda Koreya təcrübəsinin tətbiq imkanlarını daha da genişləndirəcək və iki ölkə arasında elm və texnologiya sahəsində əlaqələrin dinamikasına öz təsirini göstərəcəkdir”.
Xanım Mi Ok Mun isə cavab məktubunda STEPI ilə AMEA YTP arasında 2018-ci ildən bəri qurulan əməkdaşlığın və əlaqələrin gələcəkdə də davam edəcəyinə ümid etdiyini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.